BMT-nin İnsan Haqları Şurasının 51-ci ümümi müzakirələr sessiyasında İrəvanda Azərbaycanın tarixi, dini və mədəni abidələrinə qarşı vandalizm aktları törədildiyinə diqqət cəlb edilib.
Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutun (International Institute for Rights and Development-Geneva, IRDG) nümayəndəsi Asmita Baidya çıxışı zamanı bildirib ki, XIX-XX əsrlərdə yerli azərbaycanlı əhalisinin zorla deportasiya edildiyi İrəvan şəhərində Azərbaycan irsinə qarşı misli görünməmiş şəkildə mədəni soyqırımı törədilib.
IRDG təmsilçisi söyləyib ki, İrəvanda dövlət tərəfindən təşkil edilmiş mədəni vandalizm şəhərin azərbaycanlılara məxsus olmasına dair bütün maddi sübutları məhv etməyə yönəlmiş genişmiqyaslı anti-Azərbaycan kampaniyasının tərkib hissəsi olub: “XX əsrin əvvəllərində İrəvan vilayətinin (müasir İrəvan) ərazisində 310 məscid qeydiyyata alınsa da, bu gün şəhərdə yalnız bir məscid – Göy məscid qalıb. Məscidin təhrif edilməsinə və dağıdılmasına baxmayaraq, “Göy məscid” adı Azərbaycan dilində belə adlanır”.
Asmita Baidya xatırladıb ki, ermənilər XX əsrdə üç dəfə Göy məscidin binasını yandırıblar və bu vandallıq aktları 1918, 1955 və 1988-ci illərdə yerli azərbaycanlıların xüsusi zorakılıqla şəhərdən qovulması ilə eyni vaxtda baş verib. Ermənistanın Göy məscidi İrana 99 il müddətinə icarəyə verdiyinə diqqət cəlb edilib.
Sonda qeyd edilib ki, İrəvanda Azərbaycanın mədəni irsinin təhrif edilməsi təkcə məscidlər arasında deyil, xalqımıza məxsus digər artefaktlarla bağlı da müşahidə olunur: “Bu vandalizm aktları beynəlxalq humanitar hüququn, o cümlədən UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası və onun iki Protokolu kimi normativ sənədlərin, habelə 1970-ci il Konvensiyasının kobudcasına pozulmasıdır”.
İRDG nümayəndəsi mədəni təhrif və insan alverinin ədalətsizlik və nifrət yarada biləcəyini nəzərə çatdırıb.