10 C
Baku
Wednesday, November 13, 2024

BMT: “Yaşıl” iqtisadiyyata keçid zamanı hər kəs üçün yeni iş yerləri yaratmaq lazımdır

Aşağı karbonlu iqtisadiyyata keçid yeni imkanlar, o cümlədən əlavə iş yerləri yaratmağa imkan verəcək. Bu zaman həmin keçidin sosial və iqtisadi nöqteyi-nəzərdən maksimal dərəcədə ədalətli olmasına nail olmaq çox vacibdir.Bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ekspertləri tərəfindən hazırlanmış yeni hesabatda deyilir.

Ölkələr sosial dialoq və bütün maraqlı tərəflərlə qarşılıqlı fəaliyyətə əsaslanan “yaşıl” iqtisadiyyata keçid üzrə ədalətli, inklüziv siyasət işləyib hazırlamalıdır.

İqlim dəyişmələrinin nəticələrinin yumşaldılması üzrə ekspert Ceyms Qrabert deyib: “Bu siyasət iqlim dəyişmələri ilə mübarizə üzrə milli tədbirlər planları və milli uyğunlaşma planlarına inteqrasiya edilməlidir, bu da bərabərsizlik miqyasının artmasının qarşısını almağa imkan verəcək”.

Hesabatda qeyd olunur ki, aşağı karbonlu iqtisadiyyata keçid, xüsusən yerin altından çıxarılan yanacağın hasil edilməsi ilə bu və ya digər yolla əlaqəli olanlara – misal üçün, bu sahədə işləyən və ya bütün iqtisadiyyatı bunun üzərində qurulan şəhərdə yaşayanlara əhəmiyyətli təsir edə bilər. Ekspertlər vurğulayırlar ki, bu insanlar dolanışıqsız qalmamalıdır.

Hesabatda ədalətli keçid və iqtisadi diversifikasiya strategiyalarını artıq həyata keçirən müxtəlif ölkələrdən misallar təqdim olunub. Belə ki, məsələn, Banqladeş hakimiyyət orqanları “sürətli moda” (böyük həcmdə geyimin sürətli istehsalı) adlanan sahədə çalışan fabrik fəhlələrinin sosial müdafiəsi üzrə tədbirlər görür, Hazırda bu ölkə daha davamlı biznes-modellərinə keçir. Kömürlə işləyən elektrik stansiyalarının külək turbinləri ilə əvəz olunduğu İspaniyada isə ədalətli əmək şəraiti barədə sazişlər bağlanılır.

Ekspertlər vurğulayırlar ki, fəhlələrin yeni təcrübələrini öyrənməsi ilə bağlı təşəbbüslərin iqlim dəyişikliyi ilə mübarizə üzrə milli fəaliyyət planlarına və elektrik enerjisi sənayesinin inkişafı planlarına daxil edilməsi ədalətli və uzunmüddətli enerji siyasətinin yaradılmasına səbəb ola bilər.

Onlar, həmçinin bildirirlər ki, universal yanaşma mövcud deyil və keçid strategiyaları hər bir ayrıca götürülən ölkənin reallıqlarına uyğunlaşdırılmalıdır.

2018-ci ildə ölkənin hakimiyyət orqanları aşağı karbonlu iqtisadiyyata ədalətli keçidlə bağlı layihəyə start veriblər. Layihənin əsas məqsədi – bu sahədə həm yeni iş yerləri yaratmaq, həm də yeni istehsal metodlarını tətbiq etməyə imkan verən siyasəti işləyib hazırlamaqdır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər