6 C
Baku
Monday, December 16, 2024

Böhran şəraitində Biznesin idarə edilməsi

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılmaqda davam edir. Hazırda bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmayıb. Nəzərə almaq lazımdır ki, koronavirusun xüsusiyyətləri eləcədə yerli və qlobal biznes fəaliyyətinə təsirləri barədə kritik məlumatları qiymətləndirmək çətindir və çox şey bir gecədə dəyişə bilər və dəyişir.

Bir tərəfdən neftin ucuzlaşması nəticəsində neft gəlirlərinin azalması, digər tərəfdən də geniş karantin tədbirləri çərçivəsidə qeyri-neft sektorunun əsas lokomotivi olan xidmət və ticarət sektorlarının üzləşdikləri məhdudiyyətlər biznes və ümumi iqtisadiyyat üçün əlverişsiz mühit yaradır. Hər bir sahibkar və rəhbər hazırki və sonrakı müddətdə biznesi idarə etməyin yollarını müəyyən etməlidir.

 Böhran şəraitində Biznesin idarə edilməsində aşağıdakı 7 əsas sahəsinə fokuslanmağı daha məqsədəuğun hesab edirəm.

 1. Böhranların idarə olunması və cavab tədbirləri

2. İşçi qüvvəsi və distant iş

3. Əməliyyatlar və təchizat zənciri

4. Maliyyə və likvidlik

5. Biznes və gəlir

6. Strategiya və marka

7. Kommunikasiya strategiyası

 Böhranların idarə olunması və cavab tədbirləri

Mövcud biznesin davamlılığı planları, koronavirus kimi bir virusun sürətli hərəkət edən və naməlum parametrlərini idarə etmək iqtidarında deyildir. Bunun üçün,

 • Bu böhrana xas olan hadisələrin idarə edilməsi və ssenari planları hazırlanmalı

• Maraqlı tərəflərlə düzgün və effektiv ünsiyyət qurmağa diqqət edilməli

• Hökumətin prioritetlərini və karantin tədbirlərini necə qarşılayacağınıza və işinizin pozulma riskini minimuma endirməyə dair planlar hazırlayın

 Biznesin davamlılığı planı

Müxtəlif böhran ssenarriləri üçün iş proseslərinin mövcudluğunu təmin edən Biznesin Davamlılığı İdarəetmə Sistemini tətbiq etmək zəruridir. Biznesin davamlılığı planlarını günün tələblərinə uyğun yeniləyim, indiki vəziyyətdə biznes üçün tələb olunan prosesləri yeniləyin, zəruri mənbələri (infrastruktur, İT avadanlıqları, işçilər, rabitə) mütəmadi monitorinq edin və cari vəziyyətə uyğunlaşdırın.

 Biznesin izlənməsi və proqnozlaşdırılması

 Ehtimal olunur ki, böhran gözlənilməz dalğalanmalar yaradacaq. Sürətli hesabat dövrlərini qoyun ki, işinizin necə təsirləndiyini, azaltmaların nə zaman tələb olunduğunu və əməliyyatların nə qədər tez bərpa olunduğunu başa düşəsiniz. Güclü bir periodik hesabatlılıq və rəqəmlərin analizi neqativ təsirlərə tez bir zamanda reaksiya verməyə kömək edəcək.

 İşçi qüvvəsi

 İşçi heyəti ilə əlaqədar iş, məzinuyyət, ezamiyyə və s. qaydaları dəyişdirilməlidir. Bunun üçün,

• Operativ qaydada  səyahət qaydalarını, kadr siyasətini, ilk tibbi yardım planlarını nəzərdən keçirin

• Bütün ezamiyyələri dayandırın. Biznesin davamlılığı üçün başqa yolları araşdırın.

• İşçilərin ödənişli məzuniyyətə göndərilməsi hallarını nəzərdən keçirin.

• Xidmət göstərən personalın xüsusi geyim, maska vasitələri ilə təmin edin

• Havalandırma sistemlərini daim nəzarətdə saxlayın və dezenfeksiya edin

 Distant iş

İşçi heyətinin uzaq məsafədən işləməyini dəstəkləyin və təmin edin. Bunun üçün,

• İşçilərin işlərini müvəqqəti dayandırmağı, uzaqdan işləməyi və ya başqa yerə rotasiyaları kimi halları qiymətləndirin.

• Böhran zamanı uzaqdan işləməyi dəstəkləmək üçün şirkətin mövcud informasiya texnologiyaları və rabitə infrastrukturunu qiymətləndirin.

• İclasları və toplantıları telefon, mobil (Whats App, Telegram və s.) və internet (Skype, Zoom, Hang Out və s.) vasitəsilə keçirtməyə üstünlük verin

Əməliyyatlar və təchizat zənciri

Koronavirusun yayılmasının dalğalı təsirlərini modelləşdirmək və qiymətləndirmək çətindir, lakin şirkətlər tədarük zəncirini azaltmağa başlaya bilər. Bunun üçün,

• Alternativ tədarük zəncirinin ssenarilərini müəyyənləşdirin. Xüsusən də virusun müxtəlif bölgələrdə və ölkələrdə yayılma ehtimalı olan ssenariləri hər zaman diqqət mərkəzində saxlayın

• Əvvəlcədən təsdiqlənmiş malları və ya digər işləri aktivləşdirin

• Müştərilərə məhsulun çatdırılması və qiymət strategiyalarını uyğunlaşdırın

Təchizat zəncirinin idarə olunması

Mal və xammal ehtiyatlarından maksimum optimal istifadə etmək lazmdır. Alternativ mənbələrdən istifadə etməklə təchizat zəncirlərini sabitləşdirməyə və problemlərin həllində təchizatçılarla işləməyə üstünlük verin.Sürətli həll yolları mümkün olmadıqda, təchizatçılarla birlikdə planlar hazırlayın, aralıq həllər qoyun və planları bütün maraqlı tərəflərə çatdırın.

 Maliyyə və likvidlik

Müştərilər, işçilər və digər tərəfdaşlar tez-tez şirkətlərin böhran hadisələrinə qarşı nə planlar qurduqlarını və onlara necə reaksiya verdiklərini izləyirlər. Bunun üçün,

• Əməliyyatların nəticələrinə birbaşa təsir, habelə ikinci və üçüncü dərəcəli təsirləri nəzərdən keçirin.

• Virusun gələcək dövrlərə təsiri ilə bağlı risklər və qeyri-müəyyənliklərlə bağlı tərəfdaşlara cavabları indidən düşünün.

• Koronavirusun likvidlik və kapital ehtiyatlarına cari və gələcək təsirləri barədə ssenarriləri qiymətləndirin.

 Likvidliyi idarə etmək üçün debitorlarla işi gücləndirin və lazımsız aktivlərin satılmasını tezləşdirin.Tələbata uyğun mal istehsalı və xidmət, ödənişlərin ertələnməsi, barter və s. həlləri tətbiq edin. Borcun diskont ilə satılması, faktorinq və forfeytinq imkanlarını nəzərdən keçirin.

 Biznes və gəlir

Risklərə məruz qalmağı azaltmaq və işlərin davamlılığını təmin etmək üçün uzunmüddətli qlobal hadisələri daim nəzərdən keçirin.Virusun gəlir və mənfəətə təsirinin müxtəlif ssenarrilərini hazırlayın.

Strategiya və marka

Şirkətlər baş verənlərin təsirini azaltmaq üçün daha güclü strategiyaları diqqət mərkəzində saxlayacaqlar. Bunun üçün,

• Rəqəmsal transformasiyanı sürətləndirməyi nəzərdən keçirin.Çünki, distant işə keçid İT infrastrukturu, işçi qüvvəsinin planlaşdırılması və rəqəmsal artımdakı boşluqları ortaya çıxarır

• Ssenari planlaşdırması, biznes davamlılığını artırmaq üçün daha tez-tez maliyyə modelləşdirmə simulasiyaları edin. Keçmiş pandemiyaların iqtisadi təsirlərini özündə cəmləşdirən yeni modellər üzərində düşünün.

• Bazarlarda və ya biznes modellərindəki dəyişikliklər ətrafında uzun müddətli mülahizələr edərək müştərilərin nəbzini yoxlayın

 Xüsusi bir böhran qrupu yaradın

Koronavirus kimi bir böhran biznesin bütün aspektlərinə, əməliyyat, maliyyə, müştəri, insan resurları və s. təsir göstərəcəkdir. Üst səviyyə rəhbərlərin daxil olduğu Nəzarət, Risk, İnsan Resursları, Hüquq və Təchizat strukturlarından ibarət bir qrup yaradılmalıdır. Bu strukturlardan formalaşdırılmış komanda arasında daxili kommunikasiya yaxşı nəticələr verə bilər. Komandanın hər bir üzvü, qrupun rəhbərindən tutmuş digər qrup üzvülərinə qədər kimin nə etdiyini, funksiyasını bilməlidir.

 Bürokratiyadan çəkinmək

 Mübahisəli, həssas və ya ağır məsələlər adətən yüksək rəhbərlik, hüquq, risklərin idarə edilməsi və digər funksiyaların nəzərdən keçirilməsini tələb edir. Hər bir məsələdə həddindən artıq mühafizəkar və tələsik qərar vermədən davranmaq və ən yaxşısı barədə təkliflər vermək çətin bir prosesə yol açacaq.

Kiçik bir etibarlı komanda yığmaq və sürətli taktiki qərarlar qəbul etmək üçün onlara kifayət qədər imkan vermək vacibdir. Hər gün həddindən artıq yeni məlumatların üzə çıxması ilə əlaqələrin idarə edilməsi ziyanlı ola bilər.

 Rəqəmlərə və məlumatlara diqqət edin

 Etibarlı məlumatlar həm böhran planlamasının həm də cavab tədbirlərinin əsasını təşkil edir. Güclü məlumatlar böhran planlamasının mərkəzi bir elementi kimi müxtəlif ssenarriləri həyata keçirmək üçün əsasdır. Məlumatlar vasitəsilə proseslərin qısa, orta və uzun müddətdə biznesə necə təsir edə biləcəyini araşdırın və analiz edin.

Müşahidələr böhrandan sonra daha yaxşı yerdə olanların dörddə üçünün böhran dövründə məlumatların dəqiq müəyyənləşdirilməsinin vacibliyini qəbul etdiyini göstərir. Ehtimal olunur ki, böhranın ortasında, faktları dəqiq və tez bir zamanda toplayıblar və reaksiya strategiyasını hazırlamaq üçün bu faktlardan səmərəli istifadə ediblər.

 Mütəxəssislərdən və proqnozlardan diqqətlə istifadə edin

Epidemiologiya, virusologiya, səhiyyə, logistika və digər sahələr üzrə mütəxəssislər mürəkkəb və dəyişkən məlumatları şərh etməyə davam edəcəklər. İqtisadi təsir kimi vacib məsələlərdə ekspert rəyləri fərqlidir və çox mənbələrə müraciət etmək lazımdır.

Hər bir epidemiya gözlənilməz və bənzərsizdir və indiki vəziyyətin kritik xüsusiyyətlərini öyrənirik. Nə baş verdiyini və nəyin işə yaradığını başa düşmək üçün ekspert rəyinə əsaslanaraq iterativ, empirik bir yanaşma tətbiq etməliyik.

 Fikirlərinizi mütəmadi olaraq dəyişdirin

 Səhərlər təlimatlar, əmrlər verməli və zəruri hallarda axşam onları dəyişdirməliyik. Hadisələrə olduqca çevik reaksiya vermək lazımdır. Ancaq, təşkilatlar nadir hallarda bu qədər çevikdirlər. Menecerlər yanlış məlumat vermək qorxusundan və ya qurumda qarışıqlıq yaratmaqdan adətən çəkinirlər.

 Tərəfdaşlarla kommunikasiya strategiyası hazırlayın

 Böhran zamanı şirkətin fasiləsiz xəbərləşməsi düzgün olmalıdır. Təşkilatın bütün maraqlı tərəflərinə müraciət etmək vacibdir. Keçmiş böhranlarda bəzi şirkətlər müştərilərə və təchizatçılar kimi tərəflərə laqeyd yanaşarkən müxtəlif investorlara daha çox fokuslanmışdırlar.

Kommunikasiya strategiyanızın bir hissəsi şübhəsiz ki, işçi qüvvəsinin təhlükəsizliyini təmin etməyə yönəldilməlidir. İşçilər, müştərilər, təchizatçılar və digər maraqlı tərəflər cavab, məsləhət almaq və müntəzəm kommunikasiya üçün təşkilatınıza müraciət edəcəklər.

Siyasətimizi, qərarlarımızı dərhal, aydın və balanslı şəkildə bildirdiyimizə əmin olmalıyıq. Bundan əlavə, işçilərin öz fikirlərini, mülahizələrini daha da dərinləşdirmələrini və gözlənilməz vəziyyətlərdə təşəbbüs göstərmələrini təşviq edin.

 Tərəfdaşlarla iş

Şirkətlərin qeyri-müəyyənlikdə hansı planlar qurduğu və hadisələrə necə reaksiya verməsi müştərilər və digər tərəflər tərəfindən tez-tez izlənilir. Koronavirusa ilə bağlı gecikmələr barədə müştəriləri daim məlumatlandırmaq lazımdır. Zəruriyyət olarsa qarşılıqlı olaraq müştərilər ilə bağlanılan müqavilə şərtlərinə bir daha baxıla bilər. Müştərilərə qarşı maksimum şəffaf olunmalıdır. Zərərdən qaçmaq üçün müştəriləri aldatmaq və ancaq öz şirkət mənafeyini güdmək olmaz.

 Müştərilərlə iş

 Müştərilərlə iş üçün bunlara diqqət edin:

• Müştərilərlə online müraciətləri və cavablara üstünlük verin.

• Yeni tədbirlər haqqında işçiləri, müştəriləri və tərəfdaşları davamlı məlumatlandırın

• Müştəriləri internet və mobil həllərindən istifadə etməyə sövq edin.

Müəllif: Dos. Dr. Aydın Hüseynov

Son xəbərlər
Digər xəbərlər