BOKT 15% dərəcə ilə borc cəlb edir – Onu kreditə yönəldəcək

Fond bazarında aktiv borcalmada iştirak edən “Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC ümumi dəyəri 1 milyon manat olan yeni istiqraz emissiyasını həyata keçirir.

Banker.az-ın əldə etdiyi məlumatdakı yekun Şərtlərə görə, təşkilat hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqraz buraxır.

İstiqrazların tədavül müddəti 24 ay təşkil edir və investorlara illik 15 faiz gəlirlilik təklif olunur. Faiz ödənişləri buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 30 gündən bir həyata keçiriləcək. İstiqrazların yerləşdirilməsi “Bakı Fond Birjası” QSC-nin ticarət platformasında rəqabətli hərrac üsulu ilə aparılacaq və yerləşdirmə prosesində anderrayter kimi “Paşa Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir.

Təşkilatın bu istiqrazları buraxmaqda əsas məqsədi kredit məhsullarına artan tələb fonunda daha sərfəli şərtlərlə vəsait cəlb etməkdir. Qeyd olunub ki, istiqrazların satışından əldə olunan bütün vəsait BOKT-un əsas fəaliyyət istiqaməti üzrə fiziki və hüquqi şəxslərə kreditlərin verilməsinə yönəldiləcək.

Əldə olunacaq vəsaitin kreditləşmə tələbatını tam qarşılamadığı təqdirdə, əlavə maliyyə ehtiyacları BOKT-un öz daxili vəsaitləri, səhmdarların əlavə kapital qoyuluşları və ənənəvi mənbə kimi bank kreditləri hesabına təmin ediləcək.

Qeyd edək ki, BOKT “İnternational” ASC-nin nizamnamə kapitalının 100%-i 1 fiziki şəxsə (Həsənov Rifat Vaqif oğlu) məxsusdur.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər