Azərbaycanın bank olmayan kredit təşkilatları 2026-cı ilin I rübündə xalis mənfəətini 81.7 milyon manat səviyyəsinə çatdırıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31.6 milyon manat zərər idi. Bir qəydi əvvəlcədən əlavə edək ki, bu siyahıda dövlətin “AqrarKredit” BOKT-si nəzərə alınmır.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Nəticəyə əsas təsir göstərən amillər qeyri-faiz gəlirlərinin 65.8 milyon manatdan 103.9 milyon manata yüksələrək 57.9% artması və xalis faiz gəlirinin 39.8 milyon manatdan 56.9 milyon manata çataraq 43.2% artması olub. Eyni zamanda aktivlər üzrə ehtiyat ayırmalarının 93.4 milyon manatdan 25.3 milyon manata enməsi maliyyə nəticələrinə müsbət təsir göstərib.
BOKT-lərin cəmi gəlirlər faiz və qeyri-faiz gəlirləri nəzərə alınmaqla 121.5 milyon manatdan 175.8 milyon manata yüksəlib və 44.7% artım nümayiş etdirib. Faiz və bu qəbildən olan gəlirlər 55.7 milyon manatdan 71.9 milyon manata yüksələrək 29.1% artıb. Qeyri-faiz xərcləri 42.2 milyon manatdan 48.2 milyon manata qalxaraq 14.2% artım göstərib, faiz xərcləri isə 15.9 milyon manatdan 15.0 milyon manata düşərək 5.7% azalıb. Ümumi xərclər 58.1 milyon manatdan 63.2 milyon manata yüksələrək 8.8% artım nümayiş etdirib.
BOKT-lərin cəmi aktivləri 938.9 milyon manatdan 1471.4 milyon manata yüksələrək 56.7% artıb. Aktivlərdə əsas payı təşkil edən müştərilərə verilən kreditlər 813 milyon manatdan 1238.3 milyon manata çataraq 52.3% artım göstərib. Xalis kredit portfeli isə 652.1 milyon manatdan 1099.5 milyon manata yüksələrək 68.6% artıb. Nağd vəsaitlər və cari hesablar da müvafiq olaraq 4.6 milyon manatdan 8.4 milyon manata və 41.5 milyon manatdan 108.1 milyon manata yüksəlib.
Cəmi öhdəliklər 517.1 milyon manatdan 804.4 milyon manata yüksələrək 55.6% artıb. Cəmi kapital isə 421.8 milyon manatdan 667.0 milyon manata qalxaraq 58.2% artım göstərib. Bölüşdürülməmiş xalis mənfəət 156.9 milyon manatdan 307.8 milyon manata yüksələrək 96.2% artıb.






