Ölkədə xırda istehlak kreditləri verən Bank Olmayan Kredit Təşkilatı “AzPul” MMC 2023-cü ili 28.44 milyon manat xalis mənfəət əldə etməklə, ölkənin ən iri mənfəətə sahib olan BOKT-lərindən biri olub. 2022-ci ildə onun xalis mənfəəti 3.54 mln. manat olmuşdu.
Banker.az BOKT-nin illik audit hesabatına istinadən xəbər verir ki, hesabat ilində 43.31 mln. manatlıq faiz gəliri əldə edib. Bu faiz gəliri illik müqayisədə 6 dəfə çoxdur. 2022-ci il üzrə faiz gəliri 7.46 mln. manat olmuşdu.
BOKT əsasən təcili kreditə ehtiyacı olanlara texnologiyalara əsaslanan qısamüddətli kredit təklif etmək, əhalinin az gəlirli və orta təbəqəsinə onların tələbatları əsasında maliyyə xidmətləri göstərir.
“AzPul” 2023-cü ildə ümumi aktivlərini 6.36 mln. manatdan 50.89 mln. manata qaldırıb. Aktivlərin 50.13 mln. manatı qısa müddəti əhatə edir. Müştərilərə verilən kreditlərin həcmi 7.47 mln. manatdan 28.03 mln. manata yüksəlib. Kredit təşkilatı kreditləri qısa müddətə təqdim etsə də, onlardan böyük nisbətdə gəlirlər əldə edir. Faiz gəlirlərinin kredit portfelinə nisbəti 150 faizin üzərindədir və hazırkı bazar üçün olduqca yuxarı bir rəqəmdir.
BOKT 2020-ci ildə təsis edilib və Mərkəzi Bankdan kredit bazarına çıxış üçün lisenziya əldə edib. Onun sahibi Vladimir Radostovets Nikolayeviçdir. 300 min manat nizamnamə kapitalı tam olaraq bu şəxsə məxsusdur.