“Nikah pozulmasından sonra arvad ipoteka ilə alınmış mənzildən pay istəyirsə, o, payına mütənasib hissə məbləğində qarşı tərəfə ödəniş etməlidir”.
Bunu vəkil Turan Abdullazadə deyib.
O bildirib ki, ər-arvaddan hansının adına rəsmiləşdirilməsindən asılı olmayaraq ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri ər-arvadın ümumi əmlakını təşkil edir və tərəflər arasında bölünür: “Bununla bağlı “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı vardır. Lakin Konstitusiya Məhkəməsinin 21 iyun 2023-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqelərə əsasən, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər onların ümumi birgə mülkiyyətini təşkil edir və hər ikisi üçün vəzifələr yaradır. Ali Məhkəmənin mövqeyinə görə, kredit müqaviləsi üzrə tərəf olan ərin kreditorlar qarşsında icra olunmamış öhdəliyinin arvaddan alınaraq kreditora verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin nikah münasibətlərinə xitam verildikdən kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsinin ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən olunarsa, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsini arvaddan tutaraq ərə ödənilməsi barədə iddianı təmin edə bilər. Bu o deməkdir ki, ipoteka ilə əldə olunmuş mənzil üzərində ər-arvadın payı müəyyən edilib. Nikah pozulduqdan sonra ər ödənişləri davam etdirərək ipoteka kreditini tam olaraq bağladığı halda, ipoteka ilə olan mənzilə iddia edən qadın ya öz payına mütənasib hissəni ərə ödəməlidir, ya da payından imtina etməlidir”.