6 C
Baku
Sunday, December 15, 2024

BP-nin vitse-prezidenti: “Şahdəniz” Azərbaycan tarixində yeni səhifə açıb”

“Şahdəniz” layihəsinin həyata keçirilməsi son 20 il ərzində ölkə iqtisadiyyatının daha da güclənməsinə ciddi dəstək olub”.

Bunu verdiyi müsahibədə layihənin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda Xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun fikrincə, “Şahdəniz” layihəsi qlobal neft və qaz sənayesinin indiyə qədər həyata keçirdiyi ən böyük və ən mürəkkəb işlərdən biridir.

“İyirmi beş il əvvəl müqavilə imzalananda heç kim təxmin edə bilməzdi ki, cəmi üç il sonra, yəni 1999-cu ildə, bu layihə çərçivəsində dünyanın ən böyük qaz-kondensat yataqlarından biri kəşf ediləcək. İlkin geoloji ehtiyatlarına görə, 1 trilyon kubmetrdən çox təbii qaza və 2 milyard barel kondensata malik olan bu dünya səviyyəli yataq bp-nin 110 illik tarixində aşkar edilmiş ən böyük qaz yatağıdır”, – o bildirib.

Onun sözlərinə görə, bir ölkənin gələcəyini müəyyənləşdirmək və bir regionun enerji landşaftını dəyişmək gücündə olan “Şahdəniz” layihəsi “Azəri-Çıraq-Günəşli” (AÇG) neft layihəsindən sonra Azərbaycana qoyulan ikinci ən böyük birbaşa xarici sərmayədir. Bu da son iyirmi il ərzində ölkə iqtisadiyyatının daha da güclənməsinə ciddi dəstək olub.

“Hətta deyərdim ki, bu mənada “Şahdəniz” ölkənin və bütün regionun görünməmiş dirçəlişinə, inkişafına və artımına nəhəng təkan verərərək Azərbaycanın qürur duyulan enerji tarixində AÇG qədər rol oynayıb. Bu iki layihə birlikdə ölkə tarixində yeni bir səhifə açaraq Azərbaycanın müstəqillik qazandıqdan sonra əldə etdiyi iqtisadi dirçəlişin möhkəm təməlini qoyub”, – BP nümayəndəsi vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər