1 C
Baku
Saturday, December 14, 2024

Britaniya Azərbaycanın enerji sektoruna 29 mlrd. dollaradək investisiya yatırıb

Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına indiyədək yatırdığı 30,6 mlrd. ABŞ dolları həcmində investisiyanın 28,8 mlrd. enerji sektorunun payına düşür.

Bunu Azərbaycan və Böyük Britaniya arasında Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının nəticələrinə dair təşkil olunan mətbuat konfransında energetika naziri Pərviz Şahbazov deyib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” Milli Prioritetinin növbəti onillikdə reallaşdırılması, bərpa olunan enerji və yaşıl texnologiyaların inkişafını təşviq edən strateji qərarı və irəli sürdüyü vəzifələrin həlli ölkələrimiz arasında enerji əməkdaşlığının şaxələnməsi üçün yeni imkanlar açır. İnteqrasiya edilmiş enerji və nəqliyyat sistemlərinin karbonsuzlaşdırılması, bərpa olunan enerji, enerji səmərəliliyi, liberal enerji bazarına keçid və elektrik şəbəkələri üzrə əməkdaşlığımız nəinki iki ölkə arasındakı münasibətlərə, həm də enerji keçidi prosesinə öz töhfəsini verəcək”, – deyə P. Şahbazov qeyd edib.

Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qrem Stüart (Graham Stuart) isə Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələrin yeni istiqamətlər üzrə inkişafına ölkəsinin dəstəyini ifadə edib: “Böyük Britaniya dənizdə külək enerjisi, intellektual enerji sistemləri, dayanıqlı tikinti, kənd təsərrüfatından yaşıl maliyyəyə və elektromobillərin istehsalına qədər ekoloji cəhətdən daha təmiz texnologiyaların tətbiqi ilə bağlı qlobal prosesi təşviq edəcək maksimum imkanlara və təcrübəyə malikdir. Ümid edirəm ki, hökumətin enerji bazarının liberallaşdırılması və islahatlarla bağlı səyləri Azərbaycanı investorlar üçün daha da cəlbedici ölkəyə çevirəcək. Gələcəkdə Britaniyanın daha çox şirkəti infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələrə dəstək verə və Azərbaycanın böyük iqtisadi potensialının üzə çıxarılmasında mühüm tərəfdaş ola bilər”.

Tədbir zamanı həmçinin bildirilib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 34% artaraq 704,6 mln. dollar təşkil edib. Ötən il isə bu göstərici, pandemiyanın mənfi təsirləri ilə əlaqədar 35% azalsa da, cari ildə artım müşahidə olunur. Xüsusilə də bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 2,5 dəfə artaraq 162,2 mln. dollar olub.

İclasda Hökumətlərarası Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər nəzərdən keçirilib, Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpa olunan enerji və enerji səmərəliliyi, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ətraf mühit, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi imkanları müzakirə edilib.

Son xəbərlər
Digər xəbərlər