Böyük Britaniyanın Maliyyə Nazirliyi ölkənin aparıcı banklarını əməkdaşlarını süni intellekt dövrünə uyğun yenidən hazırlamağa öhdəlikləndirəcək yeni “peşə hazırlığı sazişi” hazırlayır. “The Guardian” qəzetinin yazdığına görə, nazirlik yeni tövsiyələri iyulun 14-də açıqlaya bilər.
Məlumata əsasən, təşəbbüs işəgötürənləri əməkdaşlarının ixtisasını artırmağa və onların texnoloji inkişafla ayaqlaşmasına kömək etməyə məcbur edəcək.
Tövsiyələr çərçivəsində ölkənin 20-yə yaxın aparıcı maliyyə şirkəti, o cümlədən “Barclays”, “Lloyds”, London Fond Birjası, investisiya idarəetmə şirkəti “Fidelity” və digərləri əməkdaşlarının beş əsas istiqamət üzrə, o cümlədən süni intellekt sahəsində təlimi və sertifikatlaşdırılması üçün üçillik plan hazırlayacaqlar.
Banklar və digər maliyyə şirkətləri bu planların icrası barədə hər il Böyük Britaniyanın Maliyyə Nazirliyinə və maliyyə xidmətləri sektorunda peşə bacarıqları üzrə parlament komissiyasına hesabat təqdim edəcəklər.
“The Guardian” qeyd edir ki, hökumət hesab edir ki, maliyyə sektorunda çalışanların ixtisasının artırılması təkcə şirkətlərin fəaliyyətinin səmərəliliyini yüksəltməyəcək, həm də süni intellektin geniş tətbiqi fonunda kadr ixtisarları riskini azaltmaqla gələcəkdə iş yerlərinin daha dayanıqlı olmasına töhfə verəcək.






