Britaniya hökuməti yüksək tələbat səbəbiylə boş qalan krallığın yanacaqdoldurma məntəqələrinə yanacaq tədarükünü təşkil etmək üçün hərbçilərdən istifadə edə bilər.
Bu barədə “The Times” nəşri hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.
İddiaya görə, yanacaqdoldurma məntəqələrinə benzin aparacaq tankerlərin sürücüləri hərbçilər olacaq. Ehtimal edilir ki, baş nazir Boris Conson yaxın bir neçə saat ərzində logistika böhranının həlli üçün ordunun cəlb edilməsi ilə bağlı qərar qəbul edəcək.
Müvafiq əməliyyata artıq “Escalin” adı verilib və ağır tonajlı yük avtomobillərini idarə etmək hüququna malik hərbçilər yaxın günlərdə müvafiq tapşırıqları yerinə yetirəcəklər.
Bununla birlikdə, yanacaq şirkətlərinə kömək etmək üçün ölkənin müxtəlif bölgələrindən kifayət qədər sürücü cəlb etmək bir həftə çəkə bilər. Nazirlər Kabineti, bu vaxta qədər yanacağa olan tələbatın azalacağına ümid edir.
Britaniyalı nazirlər dəfələrlə vurğulayıblar ki, krallıqda yanacaqla bağlı heç bir problem yoxdur və neft emalı zavodlarında, anbarlarda kifayət qədər benzin var.
Eyni zamanda, sənaye birlikləri tələbin kəskin artması səbəbində ölkənin yanacaqdoldurma məntəqələrinin yanacaq çatışmazlığı ilə üzləşdiyini bildirir.