Britaniya mədən şirkəti Azərbaycanda qızıl və mis satışlarından $159 milyon gəlir əldə edib

Azərbaycanda fəaliyyət göstərən “Anglo Asian Mining” 2026-cı ilin ilk yarısında qızıl külçəsi və mis konsentratı satışlarından ümumilikdə 159,1 milyon ABŞ dolları gəlir əldə edib.

Banker.az xəbər verir ki, mədən şirkəti hesabat dövründə 7 126 unsiya qızıl külçəsi sataraq orta hesabla hər unsiyanı 4 664 dollardan reallaşdırıb. Nəticədə qızıl satışlarından əldə olunan gəlir təxminən 33,2 milyon dollar təşkil edib. Satılan qızılın həcmi illik müqayisədə 27,1% azalsa da, orta satış qiyməti 51,6% artıb.

Mis konsentratının satışından isə 125,9 milyon dollar gəlir əldə olunub. İlk altı ayda 58 577 quru metrik ton konsentrat satılıb. Bunun 26 882 tonu Gədəbəy yatağından əldə olunaraq 54,5 milyon dollar, 31 695 tonu isə Dəmirli yatağından satılaraq 71,4 milyon dollar gəlir gətirib. Ötən ilin eyni dövründə Dəmirli yatağından satış həyata keçirilməmişdi.

İstehsal göstəricilərinə gəlincə, şirkət 2026-cı ilin ilk yarısında 8 840 ton mis, 12 329 unsiya qızıl və 92 855 unsiya gümüş hasil edib. Mis istehsalı illik müqayisədə təxminən 7,4 dəfə, qızıl istehsalı 1,8%, gümüş istehsalı isə 48,9% artıb.

Qeyd edək ki, “Anglo Asian Mining” 2026-cı il üzrə proqnozunu dəyişməyərək 20–25 min ton mis, 28–33 min unsiya qızıl və 170–210 min unsiya gümüş hasil etməyi planlaşdırdığını bildirib. Rəhbərlik Dəmirli yatağında tam istehsal gücünə üçüncü rübdə çatılacağını və bunun ilin ikinci yarısında hasilatın daha da artmasına şərait yaradacağını qeyd edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər