“NATO-nun Ukraynada Rusiya ilə münaqişəyə girməsinə ehtiyac yoxdur və bunun qarşısını almaq üçün hər şeyi edir”.
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.
Onun sözlərinə görə, Şimali Atlantika Müqaviləsi Təşkilatı Rusiyanı heç vaxt təhdid etməyib və indi də təhdid etmir. Nazir bildirib ki, rəsmi Moskva alyansın niyyətlərini təhrif olunmuş formada təqdim edir və eskalasiya ritorikasından istifadə edir.
“Alyansın məqsədi öz üzvlərini qorumaqdır, heç kimi təhdid etmək deyil”, – Kleverli bildirib.
Qərbin Çinlə münasibətlərini də şərh edən nazir bildirib ki, Çin beynəlxalq arenada “çox problemli” oyunçudur:
“Çin iqlim dəyişikliyi kimi yaxşı işlərdə potensial tərəfdaşdır. Lakin o, dəfələrlə qəbuledilməz davranış nümayiş etdirib. Pekin illərdir NATO-nu təhlükəsiz saxlayan prinsipləri təhdid etməyə çalışır”.