Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ölkənin müdafiə xərclərinin 2030-cu ilə qədər 100 milyard funt-sterlinqə çatdırılacağını bildirib.
Bu barədə “The Telegraph” məlumat yayıb.
“Əgər biz heç nəyi dəyişməsək, deməli, 2 %-ə (ÜDM-də müdafiə xərcləri) doğru gedirik. Lakin indiki proqnozlara görə, söhbət 2029-2030-cu illər üçün 100 milyard funt sterlinqlik müdafiə büdcəsindən gedir. İndi bu, 48 milyard funt sterlinqdir. Səkkiz il ərzində böyük məbləğdir”, – Uolles deyib.
O, əlavə edib ki, Böyük Britaniyanın yeni Baş naziri Liz Tras seçkiqabağı vədini yerinə yetirmək və müdafiə xərclərini ÜDM-in 3 %-nə çatdırmaq niyyətindədir.
“Baş nazir kimi onun aydın prioritetlərindən biri odur ki, sərmayə qoyacağıq və (müdafiə üçün) daha çox pul xərcləyəcəyik”, – nazir vurğulayıb.
O, əlavə edib ki, nazirliyin prioritet istiqamətlərindən biri pilotsuz təyyarələrlə mübarizə vasitələrinin hazırlanması olacaq.