Bu ilin aprel ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 125 min ton “Tengiz” yatağından hasil edilən Qazaxıstan nefti nəql ediləcək.
Bu barədə Qazaxıstanın “KazTransOil” şirkətinin (Qazaxıstanın maqistral neft kəmərinin milli operatoru) məlumatında bildirilir.
Məlumata görə, “KazTransOil” (“KazMunayQaz” dövlət şirkəti qrupuna daxildir) Aktau limanında Qazaxıstanın “Tengiz” yatağından Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə daha sonra xammalın çatdırılması üçün “Prezident Heydər Əliyev” tankerinə 9 959 ton neft yükləyib.
“Martın sonunadək bu marşrutla daha 10 min ton Tengiz neftinin göndərilməsi planlaşdırılır. 2023-cü ilin aprel ayı üçün Bakı-Tbilisi-Ceyhan istiqamətində planlaşdırılan neft daşıma həcmi 125 min ton təşkil edir”, – məlumatda qeyd olunur.
Xatırladaq ki, Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 mln. ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir.
2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.
SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.