2 C
Baku
Sunday, December 15, 2024

BTQ ilə Bakı-Naxçıvan-Türkiyə dəmir yollarının inteqrasiyası təklif olunur

““Türk qapısı” adlandırılan dəmir yolunun Türkiyə və Azərbaycan arasında Naxçıvan üzərindən inşa edilməsini çox müsbət hesab edirəm”.

Bunu açıqlamasında Dünya Enerji Şurası Türk Milli Komitəsinin enerji diplomatiyası üzrə işçi qrupunun sədri, Türkiyənin Ortadoğu Texniki Universitetinin professoru Oktay Tanrısevər bildirib.

Onun sözlərinə görə, bu dəmir yolu layihəsinin çox böyük strateji faydaları olacaq: “Hər şeydən əvvəl, Naxçıvanı Azərbaycanın digər bölgələri ilə daha güclü bir şəkildə əlaqələndirərkən, Türkiyə ilə Azərbaycan arasında daha qısa və daha təsirli bir dəhlizin yaranmasına töhfə verəcək. Digər tərəfdən, Türkiyə və Azərbaycan Orta Asiya türkdilli dövlətlərlə də daha güclü əlaqələr quraraq Çin ilə ticarət baxımından əhəmiyyətli bir ticarət dəhlizi ortaya çıxacaq”.

O. Tanrısevər bildirib ki, bu layihə daşıma qiymətlərini azaldaraq Türkiyə və Azərbaycanın ikitərəfli ticarətinə və inkişafına böyük töhfə verəcək.

Ekspert “Türk qapısı” layihəsinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə bir qədər təsir edəcəyini düşünsə də bildirib ki, bu təsir çox da böyük olmayacaq. O bildirib ki, Bakı-Tbilisi-Qars olduqca önəmli və strateji dəmir yolu olmağa davam edəcək və xüsusilə də Azərbaycanın şimal bölgələri üçün əhəmiyyətini qoruyacaq: “Təklifim uzunmüddətdə Bakı-Tbilisi-Qars ilə Bakı-Naxçıvan-Türkiyə dəmir yollarının inteqrasiya edilərək bir dairə şəklində bir-birini dəstəkləyib, inkişaf etdirən yollar olmasını təmin etməkdir. Türkiyə və Azərbaycan qarşılıqlı investisiyalar ilə bunu asanlıqla inkişaf etdirəcək”.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər