Bu dəfə “Bakı Şampan Şərabları” ASC vergi orqanın tabeliyində olduğu Azərbaycan İqtisadiyyat Nazirliyi ilə bağlı məhkəməyə şikayət verib.
Banker.az-ın əldə etdiyi xəbərə görə, içki istehsal edən müəssisə bununla bağlı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Müraciətdə tərəf kimi həmçinin, müəssisəsinin direktoru Hüseynova Arzu Əlihüseyn qızı da çıxış edir.
“Bakı Şampan Şərabları”nın şikayəti idarəçilik qaydalari əleyhinə olan inzibati xəta (İXM:545) ilə bağlı olub. Məhkəmə 15 iyul 2020-ci il tarixinə təyin edilib.
Lakin, bu müəssisənin bu dövlət qurumu arasında ilk hadisə deyil. 2019-cu ildə Vergilər Nazirliyi “Bakı Şampan Şərabları” ASC-nin direktoru Saib Cabir oğlu Cəfərov barəsində inzibati protokol tərtib edərək, ona cərimə yazılmışdı.
İqtisadiyyat Nazirliyi ötən ilin son aylarında 3 qurum – Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birləşməsi ilə yenidən təşkil edilib.
“Bakı Şampan Şərabları” 2002-ci ildə dövlət qeydiyyatına alınıb və 4.19 mln. manat nizamnamə kapitalına sahibdir. Zavod şampan şərablarının və araq-çaxır məmulatlarının istehsalı ilə ixtisaslaşıb.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsində “vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi” səbəbindən tətbiq edilir.
Bu maddəyə görə, vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.