10 C
Baku
Friday, December 13, 2024

Bu dəfə MİDA-nın ilk mənzili 27-ci saniyədə satılıb

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində güzəştli satışa çıxarılan ümumilikdə 1 189 mənzilin satışına başlanılıb.

Budəfəki satış da müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkələrdə jurnalistlərin də ev almağa namizəd kimi iştirak etdiyi satışın tez yekunlaşdığı iddia edilib. Əksəriyyət 30-cu saniyədən sonra bütün mənzillərin satıldığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, satışda müşahidəçi qismində iştirak edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında prosesə münasibət bildirib.

“Bu gün MİDA-nın növbəti onlayn satışı baş tutdu. Müşahidəçi olaraq iştirak etdim.  MİDA yenə canlı yayım təşkil etməmişdi. Bəzi məqamları mən canlı yayımda göstərməyə çalışdım. 13 mindən çox iddiaçı aktiv görünürdü.

İlk mənzil seçimi 27-ci saniyədə baş tutdu. İştirakçıların bəziləri ilk seçimin 29-cu saniyədə olduğunu bildirdilər.

Xatırladıram ki, ötən dəfə ilk seçim 31-ci saniyədə baş tutmuşdu.

DEMO ilə real satış modulu gözlənildiyi kimi fərqliydi.

MİDA seçim prosesində olan CAPTCHA -nın (6 rəqəmli kod) həm mahiyyətini, həm də yerlərini dəyişmişdi. Beləliklə, MİDA-nın növbəti satışı ciddi fəsadlar olmadan yekunlaşdı.

Daha dəqiq məlumatları MİDA-nın yekun rəsmi məlumatından, log faylların açıqlanmasından sonra qeyd etmək mümkün olacaq.

Yeri gəlmişkən, artıq ikinci satışdır ki, MİDA Ernst&Young beynəlxalq auditor şirkətinin xidmətlərindən istifadə etmir.

Güman ki, kritik informasiya infrastrukturun təhlükəsizliyi ilə bağlı dəyişikliklərdən sonra bu məsələlərə DTX nəzarət edir.

Satış prosesini RİNN, DTX, XRİTDX, mobil operatorlar, magistral provayderlər və s. qurumların nümayəndələri real vaxtda izləyiblər”, – O.Gündüz qeyd edib.

Son xəbərlər
Digər xəbərlər