Dolların məzənnəsinin artması avtomobil yanacağının qiymətinin dəyişməsinə səbəb olacaq.
Banker.az “Report”un SOCAR-dakı mənbələrinə istinadən məlumat verib. “Lakin buraya bütün növ avtomobil yanacağı şamil edilməyəcək. Qiyməti bazar tərəfindən sərbəst təyin olunan benzin markalarının qiymətində bazarın mövqeyindən asılı olaraq artım baş verəcək”, – mənbə bildirib.
Burada xatırladaq ki, beynəlxalq bazar tərəfindən qiyməti sərbəst təyin edilən benzin markaları xaricdən idxal olunan “Premium Euro-95″ və “Super Euro-98” markalı benzin növləridir. Belə ki, Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkəyə idxal olunan “Euro-5” ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri (Aİ-95 və Aİ-98) dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib, yəni idxal olunan bu avtomobil benzinlərinin qiyməti sərbəst şəkildə müəyyənləşdirilir.
Azərbaycanda istehsal olunan “Aİ-92” markalı benzinin və dizel (L-62) yanacağının qiyməti isə Tarif (Qiymət) Şurası tərəfindən müəyyənləşdirilir. Tarif Şurası da 2013-cü il dekabrın 3-də “Aİ-92” markalı benzinin pərakəndə satış qiymətini hər litr üçün 70 qəpik müəyyənləşdirib. Dizel yanacağının 1 litri isə 60 qəpikdən satılır. Bu növ benzinin və dizel yanacağının ölkədə istehsal olunmasına görə adı çəkilən markalar üçün hökumətin qiymət artımına gedəcəyi o qədər də real görünmür.
Elə sonuncu qiymət artımında da ölkədə istehsal olunan məhsulların qiymətində artım olmayıb. Belə ki, bu il yanvarın 13-də ölkəyə xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiymətində artım baş verib. Hazırda “Aİ-95” premium markalı benzinin qiyməti 1,05 AZN təşkil edir.
Lakin burada dolların manata məzənnəsinin xüsusi rolu var. Qiymət artımı zamanı da qeyd olunmuşdu ki, “Aİ-95” premium markalı benzinin qiyməti məzənnədən asılı olaraq dəyişəcək. Yəni “Aİ-95” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyası və Azərbaycanda manatın məzənnəsindən asılı olacaq. Bu məqamda qeyd edək ki, yanvarın 13-də 1 ABŞ dollarının məzənnəsi 1,7867 manat təşkil edib. Yanvarın 30-da isə 1 ABŞ dollarınının məzənnəsi 1,9165 manatdır. Yəni, dollar bu müddətdə 7,3% bahalaşıb. Əldə etdiyimiz məlumata görə, benzinin qiyməti “PLATTS EUROPEAN MARKETSCAN” 30 yanvar nəşrində “FOB MED (ITALY)” başlığı altında dərc olunmuş “PREM UNL 10 PPM” kotirovkasının orta qiymətinə uyğun olaraq 546,75 dollar təşkil edir. Benzinin Bakıya qədər olan nəqliyyat xərcləri isə 80 dollara yaxındır (bura fraxt, aşırma, daşınma xərci, maliyyə xərci, inspeksiya və sığorta daxildir) və beləliklə, 1 ton premium markalı benzin nəqliyyat xərci ilə birlikdə 624,74 dollara başa gəlir. 1 ton üçün aksiz vergisi 41,74 dollar, ƏDV (18%) 131, 54 dollar, yol vergisi 13,67 dollar və gömrük xərcləri hesablanmaqla bu markalı benzinin bir tonu 812,02 dollara başa gəlir. Bu isə Mərkəzi Bankın bu günki məzənnəsi ilə (1 dollar – 1,9165 manat) 1 556,24 manatdır. Premium markalı benzinin 1 litrinin idxal dəyəri isə 1,188 manat təşkil edir. Yəni hazırki satış qiyməti idxal olunan qiymətdən 0,138 manat ucuzdur. Belə olan təqdirdə xaricdən dollarla idxal olunan, ölkədə isə manatla, dəyərindən ucuz satılan “Premium” benzinin satışını şirkətlər məzənnəyə və bazara uyğun formalaşdırır.
Eyni zamanda yanvar ayında bir neçə ölkədə “Premium” markalı benzinin qiymətində artım baş verib.