10 C
Baku
Thursday, December 12, 2024

Bu gündən bağlanan 4 bankın əmanətçilərinə kompensasiyaların ödənilməsinə başlanılır

Bu gündən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə lisenziyaları ləğv olunan “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə başlanılır.

Banker.az APA-ya istinadən xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 25 iyul 2016-cı il tarixli 01/10-1549 nömrəli məktuba istinadən “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”da sığorta hadisəsi baş verdiyini bildirib. “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.9-cu maddəsinə müvafiq 25 iyul 2016-cı il tarixi adıçəkilən 4 bankda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

Qeyd edək ki, 2016-cı ilin martın 1-də qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2016-cı ilin martın 2-dən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3% həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

Onu da əlavə edək ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovun sözlərinə görə, kompensasiyalar adıçəkilən banklar tərəfindən veriləcək.

A. Cavadov həmçinin bildirib ki, 4 bank üzrə kompensasiya olunan əmanətlərin həcmi 110 mln. 714 min manat təşkil edir.

“Dekabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 mln. 585 min manat, qorunan əmanətlərin cəmi 3 mln. 767 min manat, kompensasiya olunan əmanətlərin isə 2 mln. 807 min təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.

“Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 87 mln. 619 min manat, qorunan əmanətlərin cəmi 61 mln. 949 min, kompensasiya olunan əmanətlərin isə 43 mln. 788 min təşkil edir. Qorunan əmanətçilərin sayı 18 min 970 nəfərdir.

“Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 mln. 632 min manat, qorunan əmanətlərin cəmi 53 mln. 631 min, kompensasiya olunan əmanətlərin isə 36 mln. 350 min təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir.

“Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 30 mln. 206 min manat, qorunan əmanətlərin cəmi 20 mln. 956 min, kompensasiya olunan əmanətlərin isə 27 mln. 768 min təşkil edir. Qorunan əmanətçilərin sayı 4 542 nəfərdir.

A. Cavadov onu da bildirib ki, sığortalanan əmanətlər üzrə kompensasiyalar ödənildikdən sonra lisenziyası ləğv olunan dörd bankda sığortalanmayan əmanətlərin qaytarılması həyata keçiriləcək: “Sığortalanmayan əmanətlərin qaytarılması üçün lisenziyası ləğv olunan 4 bankın kifayət qədər vəsaiti var”.

A. Cavadov əmanətçiləri tələsməməyə çağırıb və bildirib ki, onların əmanətlərinin ödənilməsində heç bir problem olmayacaq.

Son xəbərlər
Digər xəbərlər