Azərbaycanın valyuta bazarında son illərdə nadir rast gəlinən hadisə baş verib. Belə ki, ilin ilk yarımilində bankların əhalidən aldığı nağd dollar onlara satdığını üstələyib.
Banker.az Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin iyun ayı üzrə statistik rəqəmləri üzrə hesablama apararkən bu məlum olub.
2023-cü ilin ilk 6 ayı ərzində banklar əhalidən nağd 797.39 mln. ABŞ dolları aldıqları halda, əhaliyə cəmi 749.6 mln. dollar satıblar. Nəticədə əhalidən banka doğru 47.79 mln. dollar axın olub. 2022-ci ilin ilk ayında isə əksinə, bankların satışı alışı 356.9 mln. dollar üstələmişdi.
İyun ayında banklar əhaliyə nağd 88.44 mln. dollar satdığı halda, onlardan 158.48 mln. dollar alıblar. Bunun nəticəsində dollar/manatın orta məzənnəsi 1.6974 səviyyəsinə düşüb. Rəsmi kurs isə 1.7000 USD/AZN səviyyəsindədir.
Qeyd edilən statistik göstərici əslində gözlənilən idi. Öncəki ildəki kimi aprel-may ayından etibarən əhali “yastıq” altındakı dollarları banklarda konvertasiya etməyə çalışırlar. Bu il də bu tendensiya davam etdi, lakin bu il əhalinin banklardan dollar alışının az olması belə bir fərqli mənzərəni ortaya qoydu.
Üstəlik valyuta bazarında bankları nağd valyuta ilə təmin edən Dövlət Neft Fondunun valyuta hərraclarındakı dollar satışları kəskin azalıb. İlin ilk yarısında ARDNF banklara cəmi 1 mlrd. 550.8 mln. dollar satıb. Bu nəinki 2022-ci ildən 1 mlrd. 188.7 mln. dollar (43.4%) az, hətta 2015-ci ildəki devalvasiyadan bu tərəfə ən aşağı göstəricilərdəndir. Bu il elə valyuta hərracları olub ki, orada hərrac 0 tələb tamamlanıb. İyundakı hərraclarda banklara cəmi 58.4 mln. dollar satılıb.
Hazırda Mərkəzi Bank üçün valyuta bazarı alışyönümlüdür. Yəni manatı satıb dollarlar alır, xarici ehtiyatlarını böyüdür. AMB-nin valyuta ehtiyatları 2023-cü ilin birinci yarısı xarici valyuta ehtiyatlarını 134.5 mln. dollar və ya 1.48% artırmaqla 9 mlrd. 196 mln. dollara yüksəldib.
Hazırda valyuta bazarında davam edən sabitlik üçün rəsmilərin və eləcə də makroiqtisadi göstəricilərin təsirinin rolu böyükdür. Hazırda ölkə rəsmiləri məzənnənin USD/AZN cütlüyü üçün 1.7000-da qalması ilə bağlı inam yaradıb. Bu, bazarda manatda vəsait saxlamaq üçün əsas inam mənbəyidir. Əlavə olaraq, böyük strateji valyuta ehtiyatları, ölkəyə valyuta gətirən neft-qaz qiymətlərinin yüksək olması, tədiyyə balansının bir neçə rübdür profisitli olması da valyuta bazarındakı sabitliyi qorumaqdadır.