BANKER.AZ — Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti həftə sonu monetar siyasəti ilə bağlı cari il üzrə sonuncu dəfə aydınlıq gətirəcək. AMB-nin sədri dəyişəndən sonra 2022-ci ilin oktyabr iclasında ilk dəfə uçot faiz dərəcəsinə “toxunmuş” oldu. Buna qədər mart ayından bu tərəfə davam edən 7.25%-də davam edirdi.
Oktyabr iclasında isə uçot faiz dərəcəsini 75 baza bəndi artırmaqla 8.00%-ə yüksəltmiş oldu.
AMB-yə 8 aydır sədr seçilən Taleh Kazımov oktyabr iclasında komandasını Azərbaycan tarixində ilk dəfə uçot faiz dərəcəsinin işə düşməsi ilə bağlı təbrik etdi. Bildirdi ki, artıq bundan sonra AMB-nin siqnallar verəcək ki, bazarlar bu da requlyatorun növbəti addımlarda hansı qərarları götür-qoy etməsini təxmin edə bilsin.
T.Kazımov uçot faiz dərəcəsindən öncə, sentyabrda faiz dəhlizinin aşağı həddini 6.25%-dən 4.00%-ə qədər endirməklə, sterilizasiya ilə bazara “həmlə” etməyi planlamışdı. Bir ay sonra aşağı hədd 5.00%-ə qaldırılsa da, stelizasiya tam gücü ilə işləyir.
Mərkəzi Bank son aylarda 28, 84, 168 və 252 günlük olmaqla ticarətə notlar buraxır. O, bunula pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə edir. Noyabrda hər həftədə 120 mln. manatı iqtisadiyyatdan yığmış oldu, buda bildiyimiz kimi banklarda sərbəst vəsaitlərin azalmasına hesablanır. Təkcə noyabrda 480 mln. manatlıq banklara not verməklə, onlardan vəsait cəlb edib. Bununla, AMB kreditləri bahalaşdırmaqla anti-inflyasiya tədbirini həyata keçirir.
Dünya mərkəzi bankları artıq bu faiz artımı yarışına başlayıb. İqtisadiyyata stimul əlaməti kimi, yumşaq pul siyasəti ikinci plana keçib. İndi milli valyutaların dəyərdən düşməsinin qarşısı alınması əsas plandır, yəni anti-inflyasiya.
Azərbaycanın mərkəzi bankı son iclasda bildirdi ki, onun uçot faiz dərəcəsi ilə bağlı “əyləcdən” ayaq götürməsinə səbəb faktiki və proqnoz inflyasiya, qlobal və daxili iqtisadi mühitdə gedən proseslər, habelə gözləntilər nəzərə alınmaqla verilib.
Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da inflyasiya təzyiqləri qalmaqdadır. Oktyabrdakı rəsmi statistik göstəriciyə görə, ölkədə inflyasiya orta illik 13.4%-dən 13.7%-ə çatıb. Qida inflyasiyası artıq 21.7%-dir.
AMB son iclasda bildirmişdi ki, Qeyd olunan təklif amillərinin yüksək qalıcılığını və tələb amilinin qismən aktivləşmə riskini nəzərə alaraq cari ilin sonuna inflyasiya proqnozu yüksəlib.
Son aylarda inflyasiya təzyiqlərinin artdığı şəraitdə məcmu tələbin izafi genişlənməsinə yol verilməməsi və milli valyutada yığımların dəstəklənməsi üçün pul siyasətinin sərtləşdirilməsi, yəni uçot dərəcəsinin və faiz dəhlizinin aşağı həddinin qaldırılması ilə bağlı qərar qəbul olunub. Bank sektorunda likvidliyin idarə olunması imkanlarının daha da gücləndirilməsi və qısamüddətli pul bazarında faiz dərəcələri vasitəsi ilə kredit aktivliyinin tənzimlənməsi məqsədilə faiz dəhlizinin eninin daraldılması məqsədəuyğun hesab edilib.
Requlyator bildirmişdi ki, faiz dəhlizi ilə bağlı növbəti qərarlar inflyasiyanın faktiki və proqnozlaşdırılan dinamikası nəzərə alınmaqla xarici mühitdə və daxili iqtisadiyyatda yaranan risk balansından asılı olaraq qəbul ediləcək.