“Bu il Pakistandan Azərbaycana 50 min turistin gəlməsi gözlənilir. Bu isə koronavirus (COVID-19) pandemiyasından əvvəllə – 2019-cu illə müqayisədə 5 min turist çoxdur”.
Banker.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının sədri Xürrəm Bhattin bildirib.
“Pakistandan Azərbaycana turist axınını gücləndirmək üçün iki ölkənin turizm agentlikləri danışıqlar aparır. Azərbaycan Pakistan vətəndaşlarına elektron viza təklif edib, iki ölkə arasında birbaşa uçuşlar başlayıb. Odur ki, turistlərin sayının artması gözlənilir. Bir çox ölkələr (BƏƏ, Türkiyə) PCR testi tələbini aradan qaldırıb. Ümid edirik ki, Azərbaycan da turizm axınını artırmaq üçün bu tələbi aradan qaldıracaq”, – deyə o, qeyd edib.
Palata sədri həmçinin Azərbaycan vətəndaşlarını Pakistana səfər etməyə və ölkəsinin qonaqpərvərliyindən yararlanmağa çağırıb: “Pakistanda dünyanın ən yüksək dağları, ən böyük səhraları yerləşir. Ölkəmiz bir sıra turizm növlərini əhatə edir. Bu yaxınlarda Azərbaycandan Pakistana səfər edən nümayəndə heyəti Pakistandakı qonaqpərvərlikdən və mədəniyyətiən zövq alıb. Pakistan hökuməti Azərbaycan vətəndaşları üçün turistik və yaxud biznes viza alınması prosesini çox asanlaşdırıb. Beləliklə, ümid edirik ki, birbaşa uçuşların mövcudluğu ilə iki qardaş ölkə arasında turizm artacaq”.
Xatırladaq ki, “Pakistan International Airlines” şirkəti martin 16-da Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlar yerinə yetirməyə başlayıb.