Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulub.

Sənədə əsasən, tədbir 2027–2028-ci illərdə həyata keçiriləcək. Tədbirin əhatə dairəsinə dövlət müəssisələri daxil edilsə də, nəzarət zərfi dövlətə məxsus banklar istisna olunacaq.

İlk mərhələdə dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın qiymətləndirilməsi üçün göstəricilər və meyarlar müəyyən ediləcək.

Sonrakı mərhələdə həmin göstəricilər əsasında dövlət müəssisələrində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi vəziyyəti təhlil olunacaq və təkmilləşdirilməsi tələb olunan istiqamətlər müəyyənləşdiriləcək.

Yekunda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın təşviqinə dair əsaslandırılmış təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək.

Milli Fəaliyyət Planında dövlət müəssisələri tərəfindən müxtəlif bazarlarda rəqabətli neytrallığın qorunması mexanizminin inkişaf etdirilməsi ayrıca hədəf kimi müəyyən olunub. Sənəddə həmçinin bütün bazar iştirakçıları üçün bərabər və əlverişli şəraitin yaradılması əsas istiqamətlərdən biri kimi göstərilir.

Tədbirin əsas icraçısı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi olacaq. Digər icraçılar sırasında Azərbaycan İnvestisiya Holdinqi, “AZCON” Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları göstərilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər