Azərbaycanda ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini qiymətləndirməyə imkan verən göstəricilər sistemi yaradılacaq və bunun əsasında “rəqabət xəritəsi” hazırlanacaq.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulub.
Sənədə əsasən, tədbir 2027–2029-cu illərdə həyata keçiriləcək. İlk mərhələdə rəqabətin inkişaf səviyyəsini ölçmək üçün istifadə ediləcək göstəricilər sisteminin metodoloji çərçivəsi, əhatə dairəsi və məlumat mənbələri müəyyən ediləcək.
Növbəti mərhələdə müvafiq məlumatlar toplanaraq təhlil olunacaq, göstəricilər hesablanacaq və onların sınaq qiymətləndirilməsi aparılacaq.
Yekunda isə Azərbaycan üzrə, o cümlədən regionlar üzrə rəqabətin inkişaf səviyyəsini əks etdirən xəritə hazırlanaraq istifadəyə veriləcək. Milli Fəaliyyət Planında bu xəritənin dövri yenilənməsinin təmin edilməsi də hədəflər sırasında göstərilib.
Tədbirin əsas icraçısı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi olacaq. Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları da prosesə cəlb ediləcək.
Sənəddə qeyd olunur ki, göstəricilər sisteminin yaradılması ölkədə və ayrı-ayrı regionlarda rəqabətin inkişaf səviyyəsinin qiymətləndirilməsinə imkan verməlidir.







