Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Portuqaliya Respublikasının Beja, Evora, Santaren, Setubal, Lisaabon-Vale do Teju və Kaştelu-Branku regionlarında blutanq, Almaniya Federativ Respublikasının Saksoniya-Anhalt vilayətində, Uelsin Pouis inzibati ərazi vahidində, Şotlandiyanın Damfris-Qallovay inzibati ərazi vahidində, Şimali İrlandiyanın Orta-Olster və Orta-Şərq Antrim dairələrində, İrlandiya Respublikasının Kavan inzibati ərazi vahidində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Portuqaliya Respublikasının Beja, Evora, Santaren, Setubal, Lisaabon-Vale do Teju və Kaştelu-Branku regionlarından bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Almaniya Federativ Respublikasının Saksoniya-Anhalt vilayətindən, Uelsin Pouis inzibati ərazi vahidindən, Şotlandiyanın Damfris-Qallovay inzibati ərazi vahidindən, Şimali İrlandiyanın Orta-Olster və Orta-Şərq Antrim dairələrindən, İrlandiya Respublikasının Kavan inzibati ərazi vahidindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin ərazilərindən diri quşların Azərbaycandan tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Portuqaliya Respublikasından, Almaniya Federativ Respublikasından, Uelsdən, Şotlandiyadan, Şimali İrlandiyadan və İrlandiya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.