7 C
Baku
Sunday, December 15, 2024

Bu şəxslərin pensiyasına güzəşt tətbiq ediləcək

Xəbər verildiyi kimi, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi gözlənilir. Dəyişiklik artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin geri qaytarılması mexanizmləri ilə bağlıdır. 

Dəyişikliyin mahiyyəti nədən ibarətdir və kimlərə şamil ediləcək?

“Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasını nəzərdə tutur. Yəni, hər hansı pensiyaçıya artıq məbləğdə ödənilmiş pensiya bu maddə ilə nəzərdə tutulmuş formada ondan geri alınır.

Bu maddənin 3-cü bəndinə görə, cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır.

Dördüncü maddəyə görə isə borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Bu, o deməkdir ki, 500 manat alan pensiyaçıdan əvvəllər artıq ödənilmiş məbləğə görə aylıq 50 manatdan 100 manata qədər vəsait tutula bilər. Lakin tutulmalı olan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda tam məbləğdə tutulur.   

Artıq ödənilmiş məbləğdən yayınmaq isə mümkün deyil. Belə ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında tutulur. Pensiyaçı tutulmaya razılıq verməzsə, ona ödənilmiş artıq məbləğ məhkəmə qaydasında tutulur.

Göründüyü kimi, Qanun pensiyaçıdan tutulacaq məbləğin onun ümumilikdə alması nəzərdə tutulan məbləğin yarısına qədərə icazə verir. Yəni, məbləğ böyük olarsa pensiyaçıdan ömrünün sonuna qədər almalı olduğu məbləğin yarısı bu məqsədlə tutula bilir.

Qanuna edilməsi gözlənilən dəyişiklik isə pensiyaçıları xeyli miqdarda borcdan qurtara bilər. Belə ki, əmək pensiyasına və ya əmək pensiyasına əlavəyə görə artıq ödənilmiş məbləğin tutulması müddətinin məhdudlaşdırılması, bununla da son 3 ildən əvvəlki dövrlə bağlı ödənişə amnistiyanın (güzəştin) tətbiq edilməsi nəzərdə tutulub. Məsələn, pensiyaçıya 7 il müddətində artıq məbləğdə pensiya ödənilibsə, ondan ancaq son 3 il ərzində aldığı vəsait geri alınacaq. Yerdə qalan 4 il ərzində almış olduğu artıq vəsait isə pensiyaçıya güzəşt ediləcək.   

Artıq ödənişə görə tutulma müddətinin azalması qaytarılmalı olan ödənişin məbləğinin də azalmasına xidmət edəcək. Bu da nəticədə artıq ödənişə görə pensiyadan tutulan aylıq məbləğin azalmasına, onun müddətinin isə qısalmasına imkan verəcək.

Məsələn, 7 il ərzində 7 min manat artıq pensiya almış şəxs güzəşt tətbiq ediləndən sonra onun 3 min manatını ödəyəcək. Belə olduqda tərtib olunacaq tutulmanın məbləği və müddəti də azalmış olacaq. Yəni, 500 manat pensiya alan şəxs 3000 manatı aylıq 10-20 faiz və ya 50-100 manat tutulma ilə 30-60 ay müddətində ödəməli olacaq. Pensiyaların hər il indeksləşdirilərək artırılmasını nəzərə alanda bu müddət daha da qısalacaq. Güzəşt tətbiq edilmədən isə bu müddət orta hesabla 70 aydan 140 ayadək müddəti əhatə edəcəkdi.

Qeyd edək ki, əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği bir neçə səbəbdən artıq ödənilə bilir. Bu hallar həm pensiyanı təyin edən qurum, həm də pensiya məbləği təyin edilən vətəndaşın səhlənkarlığı, saxta sənədləri təqdim etməsi ilə əlaqəli olaraq mümkündür.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər