Bu universitetlərdə magistraturaya qəbul dayandırılır

Bakı Qızlar Universiteti və Naxçıvan Müəllimlər İnstitutu 2026-cı ildə magistraturaya qəbul aparmayacaq.

Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi saytında yer alan statistikaya görə, Bakı Qızlar Universitetində 2025-ci il üzrə magistraturaya qəbul planı 50 yer olduğu halda, 2026-cı ildə bu göstərici 0-a enib. Naxçıvan Müəllimlər İnstitutunda isə qəbul planı 30 yerdən 0-a düşüb. Hər iki ali təhsil müəssisəsində qəbul planı üzrə azalma 100 faiz təşkil edib.

Ümumilikdə, 2026-cı ildə Azərbaycanın ali təhsil müəssisələri üzrə magistraturaya qəbul planı əvvəlki illə müqayisədə 840 yer və ya 4,82 faiz artıb.

Belə ki, 2025-ci ildə magistraturaya qəbul üzrə ümumi plan 16 848 yer olduğu halda, 2026-cı ildə bu göstərici 17 688 yerə çatıb.

Bununla yanaşı, dövlət sifarişi üzrə qəbul planında azalma qeydə alınıb. 2025-ci ildə dövlət sifarişi üzrə plan 7 084 yer olduğu halda, 2026-cı ildə bu rəqəm 7 022 yer təşkil edib. Beləliklə, dövlət sifarişi üzrə plan yerləri bir il ərzində 62 yer və ya 0,88 faiz azalıb.

DİM-in məlumatına əsasən, 2026-cı ildə keçirilən magistratura imtahanlarında ümumilikdə 27 859 bakalavr iştirak edib. 2025-ci ildə isə bu göstərici 26 241 nəfər olub.

Beləliklə, imtahan iştirakçılarının sayı bir il ərzində 1 618 nəfər və ya təxminən 6,2 faiz artıb.

2026-cı ildə imtahan iştirakçılarının orta balı 45,90 olub. Ötən il bu göstərici 48,26 bal təşkil edib. Bu isə orta nəticənin 2,36 bal və ya təxminən 4,9 faiz azalması deməkdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər