Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları” təsdiq edilməsi barədə qərar verib.
Bu qaydalar büdcədənkənar vəsaitlər xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu tutan təşkilatların xəzinə hesabına köçürülmüş dövlət rüsumunun 25%-ini nəzərdə tutur.
Qaydalar “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilən xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən və Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) tərəfindən təşkil edilən xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilmir.
Qaydaya əsasən büdcədənkənar vəsaitlər üzrə əməliyyatların həyata keçirilməsi üçün dövlət rüsumu tutan təşkilatların müvafiq rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarında və regional (zona) xəzinədarlıq orqanlarında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən xəzinə hesabı açılır. Dövlət rüsumuna görə dövlət büdcəsinə daxil olmuş məbləğin 75%-i dövlət büdcəsinin gəlirlərinə, 25%-i dövlət rüsumu tutan təşkilatların büdcədənkənar gəlirlərinə aid edilir. Dövlət büdcəsinə daxil olmuş vəsaitlərin 25%-nin dövlət rüsumu tutan təşkilatların xəzinə hesabına köçürülməsi Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən büdcə gəlirlərinin müvafiq təsnifatı üzrə daxilolmaların azaldılması hesabına həyata keçirilir. Maliyyə Nazirliyi növbəti ilin dövlət büdcəsi haqqında qanun qəbul edildikdən sonra 10 gün müddətində büdcədənkənar vəsaitlərin bölgüsünü icmallaşdıraraq təsdiq edir və dövlət rüsumu tutan təşkilatlara göndərir. Büdcədənkənar vəsaitlər təsdiq edilmiş gəlirlər və xərclər smetasına uyğun olaraq dövlət rüsumunu tutan təşkilatların işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə təyinatı üzrə istifadə edilir. Gəlirlər və xərclər smetasının təsdiq edilməsinə qədər büdcədənkənar vəsaitlərin xərclənməsinə yol verilmir. Dövlət rüsumu tutan təşkilatların işçilərinin büdcədənkənar vəsaitlər hesabına hər ay üzrə mükafatlandırılması dövlət büdcəsində bu orqanlar üçün müəyyən olunmuş aylıq əməkhaqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 2 misli həcmindən çox olmamaqla nəzərdə tutulur. İlin sonuna büdcədənkənar vəsaitin istifadə olunmayan məbləği dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür.
Dövlət rüsumu tutan təşkilatlar tərəfindən büdcədənkənar vəsaitlərin uçotu Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata uyğun aparılır. Dövlət rüsumunu tutan təşkilatlar büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetasının icrası barədə bu Qaydalara əlavə olunmuş formada rüblük hesabat tərtib edir və hər rübdən sonrakı ayın 20-dək aidiyyəti üzrə Maliyyə Nazirliyinə, Naxçıvan Maliyyə Nazirliyinə və ya yerli maliyyə orqanlarına təqdim edirlər. Müvafiq maliyyə orqanı düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu üzrə daxil olmuş büdcədənkənar vəsaitlərin qaytarılmasını təmin edir və büdcədənkənar vəsaitlərin mədaxilini faktiki qaytarılmış məbləğ qədər azaldır.
Qeyd edək ki, yeni qaydanın qəbulu ilə əlaqədar Nazirlər Kabinetinin “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin (“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən 30%-lik vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə forma”nın təsdiq edilməsi haqqında” 2012-ci il 6 iyun tarixli qərarı ləğv edilib. “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin (“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən 30%-lik vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə forma”nın təsdiq edilməsi haqqında” 2012-ci il 6 iyun tarixli qərarı daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin (“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına 30%-lik vəsaitin köçürülməsi və buna dair hesabatın hazırlanaraq təqdim edilməsini əhatə edib. Bu qərarda Maliyyə Nazirliyinə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan 30%-lik vəsaitin işçilərin (“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülməsini təmin etmək tapşırılmışdı və bu sahədə nəzarətin həyata keçirilməsinə dair əhatəli prosedur qərarda əksini tapmamışdı. Yeni qaydalara əsasən isə bu sahədə müvafiq prosedur yaradılır və nəzarət sərtləşdirilir.
APA