Milli Məclisin bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclasında “Büdcə sistemi haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Onun sözlərinə görə, “Büdcə sistemi haqqında” qanunun 6.6-cı maddəsinin ləğv edilməsi təklif edilir.
Layihəyə əsasən, Azərbaycanda dövlətə məxsus ehtiyat fondlarından maliyyələşən layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə onların maliyyələşməsi növbəti ildə davam etdirilməyəcək.
Ləğv edilməsi təklif olunan maddə belədir: Bu qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər.
Xatırladaq ki, yuxarıda qeyd olunan qanunun 6.2 maddəsində bildirilir ki, dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5%-dən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir. 6.3 maddəsində isə deyilir ki, Azərbaycan prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2%-dən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Azərbaycan prezidentin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə prezidentin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.
Bundan başqa, “Büdcə sistemi haqqında” qanunun 19-cu (Dövlət büdcəsinin kassa icrası) maddəsinin 5-ci bəndinin dəyişdirilməsi təklif edilir.
Layihəyə əsasən, ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür. Bu vəsait dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və zərurət yarandığı təqdirdə növbəti ilin dövlət büdcəsi xərclərinin 1/12 hissəsi həmin il üzrə bu qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir. Habelə bu qanunun 19.2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Dövlət Neft Fonduna köçürülür. Başqa sözlə desək, dövlət büdcəsinin xəzinə hesablarının qalıqları yalnız zərurət yarandığı halda əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclərə yönəldiləcək.
Bəndin hazırda qüvvədə olan variantı belədir: “İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür. Bu vəsaitin növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə birinədək hissəsi həmin ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilir, habelə bu qanunun 19.2-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Dövlət Neft Fonduna köçürülür”.
Layihə səsə qoyularaq qəbul edilib.