Warren Buffett-in “Berkshire Hathaway” investisiya fondu Yaponiyanın beş ən böyük ticarət şirkətinə 6 milyard dollar sərmayə qoyub (5%).
Banker.az bu barədə “Forbes.ru” istinadən xəbər verir.
Bildirildiyi kimi, bunlar “Itochu”, “Marubeni”, “Mitsubishi”, “Mitsui” və “Sumitomo” şirkətləridir. Satınalma əməliyyatı “National Indemnity” tərəfindən həyata keçirilib. “Berkshire Hathaway” investisiyaların həcmini açıqlamasa da, “Financial Times” bu məbləği təxminən 670 milyard yen (6,3 milyard dollar) dəyərində qiymətləndirir.
“Berkshire Hathaway” uzun müddət idi ki, yapon şirkətlərində pay sahibi olmağı planlaşdırıb. Qiymətdən asılı olaraq, investisiya fondu bu beş şirkətin hər birində payını 9,9%-dək artıra bilər.
“Berkshire Hathaway-in Yaponiyanın, habelə investisiya üçün seçdiyimiz beş şirkətin gələcəyində iştirak edəcəyindən çox məmnunam. Bu beş ən böyük ticarət şirkətinin dünyada bir çox müştərək müəssisəsi var və düşünürəm ki, budan sonra əməkdaşlıqlar daha çox olacaq. Gələcəkdə qarşılıqlı fayda üçün fürsətlərin olacağına ümid edirəm”, – deyə Buffet qeyd edir. Xatırladaq ki, “Berkshire Hathaway” yapon şirkətlərinə investisiya qoyuluşunu Buffet-in 90 illiyi günü açıqlayıb.
Yaponiyaya investisiya qoymaq – Buffet üçün “qətiyyətli bir sıçrayışdır”, FT qeyd edir. Milyarderin şirkəti üçün bu, adi normalardan kənara çıxmaq deməkdir, çünki tarixən “Berkshire Hathaway” Amerika şirkətlərinə üstünlük verib.
Lakin Buffet ilk dəfə deyil ki, xarici müəssisələrə investisiya qoyur: məsələn, o, Braziliyanın “StoneCo” şirkətində paya sahibdir. Bundan əlavə, investor daha əvvəl də eyni anda bir neçə rəqibə sərmayə yatırıb. Məsələn, 2016-cı ildə “Berkshire” ABŞ-ın dörd ən böyük aviaşirkətinin səhmlərini alıb.
Pandemiya dövründə bu beş şirkətin səhmləri kəskin ucuzlaşıb, bazar ertəsi günü isə “Berkshire Hathaway”in açıqlamasından sonra bahalaşmağa başlayıb: “Marubeni” – 14%, “Sumitomo” – 11%, “Mitsubishi” – 10%. “Bu, yalnız şirkət üçün deyil, bütün Yaponiya fond birjası üçün çox yaxşı bir xəbərdir”, – deyə “Itochu”nun nümayəndəsi bildirib.
Buffet 2011-ci ildə zəlzələ, sunami və nüvə elektrik stansiyası qəzasından sonra Yaponiyanı ziyarət edib. “Berkshire”in burada istiqraz satışını təşkil etməsi haqqında şayiələr həmin ilin sentyabr ayıdan yayılmağa başlayıb.
Yaponiyanın ticarət evləri yoxsul ölkəni, demək olar ki, bütün resursla təmin edir – təbii qazdan əriştəyə qədər. WSJ yazır ki, bu beş şirkətin beşi də olduqca yaşlıdır. Məsələn, “Sumitomo” şirkətinin tarixi 17-ci əsrə gedib çıxır. Son bir neçə ildə onlar dünyanın yüzlərlə şirkətində pay sahibi olan konqlomeratlara çevrildilər. Bu səbəbdən onları investisiya şirkətləri hesab etmək daha düzgündür. Agentlik qeyd edir ki, onlar tekstil və ya mühəndislik kimi sahələrə ayrılsalar da, enerji, metal və digər resurslara güvənirlər.