“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Ukraynanın paytaxtı Kiyev şəhərinə aviaəlaqəni bərpa edir. Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslərin icrası 1 aprel tarixindən nəzərdə tutulur.
Bu barədə “Buta Airways” xəbər verib.
Uçuşlar Kiyevin “Borispol” (IATA: KBP) hava limanına həyata keçiriləcək. Reyslər həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək. Beləliklə, aprel ayından etibarən Azərbaycanın Milli Aviadaşıyıcısı qeyd olunan istiqamətdə uçuşları yalnız “Buta Airways” aşağıbüdcəli brendi vasitəsilə həyata keçirəcəkdir.
Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”.
Belə ki, “Standart” tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. “Super” tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.
Əl yükü qismində təyyarə salonuna yalnız qadın çantası, kişi portfeli, portativ kompyuter çantası (təyinatı üzrə istifadə edilməsi şərtilə) və uşaq qidası götürülə bilər. Digər növ əl yükünün, o cümlədən Duty Free mağazalarından alınan əşyaların salona götürülməsi qadağandır.
Bakı-Kiyev-Bakı marşrutu üzrə reysə biletləri (“Super” və “Standart” tarifləri üzrə) “Buta Airways” aviaşirkətinin rəsmi saytında, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə edə bilərsiniz. Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.
Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Bakı-Kiyev istiqaməti üzrə reysin sərnişinləri:
– Ukrayna ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Ukraynaya giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/ukraine
– koronavirus infeksiyasının olmaması barədə tibbi arayış almalıdırlar. Azərbaycanda koronavirus infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.butaairways.az/az/covid/clinics.
Kiyev-Bakı istiqaməti üzrə reysin sərnişinləri:
– Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/azerbaijan.
– koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq
Kiyevdə koronavirus infeksiyasına (COVID-19) dair testdən keçə biləcəyiniz klinikaların siyahısı ilə aşağıda qeyd olunan səhifədə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/azerbaijan. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə siyahı daha da artacaqdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.
Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar terminal binasına buraxılmayacaq.