“İrandakı vəziyyət hazırkı qeyri-müəyyənliyi nəzərə alaraq qlobal iqtisadiyyat üçün ciddi risklər yarada bilər”.
Bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva “Bloomberg” agentliyinə müsahibəsində deyib.
O xəbərdarlıq edib ki, ABŞ-nin İrana zərbələri xüsusilə enerjidaşıyıcılarının qiymətinə təsir edib. Lakin, ekspertin sözlərinə görə, ikinci və üçüncü dərəcəli nəticələr də ola bilər. Kristalina Georgiyeva bununla bağlı təfərrüat verməyib.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İrandakı üç nüvə obyektinə, o cümlədən Fordo uranın zənginləşdirilməsi zavoduna zərbələr endirib.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, hücumun məqsədinə nail olunub, İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektləri isə bütünlüklə və tamamilə məhv edilib.
Lakin Tehran onun sözlərini təkzib edərək, ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrinin nəticəsiz olduğunu bildirib.