6 C
Baku
Friday, February 27, 2026

BVF Ukraynaya $8,1 milyard kreditin ayrılmasını təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun İcraçı Direktorlardan ibarət Şurası Ukrayna üçün 5,9 milyard xüsusi borcalma hüququ (SDR) məbləğində (təxminən 8,1 milyard ABŞ dolları) yeni dördillik Genişləndirilmiş Maliyyələşdirmə Proqramını (EFF) təsdiqləyib. Qərar fevralın 26-da qəbul olunub və BVF-nin rəsmi saytında dərc edilib. Təxminən 1,5 milyard dollar həcmində ilk tranş dərhal ayrılacaq. Proqram Kiyevə yönəlmiş ümumi həcmi 136,5 milyard dollar olan daha geniş beynəlxalq dəstək paketinin bir hissəsidir.

Yeni kredit sazişi 2023-cü ildə təsdiqlənmiş və sonradan dayandırılmış EFF proqramını əvəz edir. Fondda bildiriblər ki, yeni mexanizmin işə salınması əvvəlki proqramın müddətinin başa çatması və münaqişənin davam etməsi ilə əlaqədardır. Proqramın məqsədi “son dərəcə yüksək qeyri-müəyyənlik şəraitində Ukraynanın tədiyyə balansı problemini həll etmək və orta müddətli xarici dayanıqlığını bərpa etməkdir”.

Yeni sazişin əsas vəzifələri kimi makroiqtisadi və maliyyə sabitliyinin qorunması, borc dayanıqlığının bərpası, eləcə də müharibədən sonrakı bərpa üçün zəmin yaradacaq və ölkənin Aİ-yə üzvlüyünü yaxınlaşdıracaq islahatların aparılması göstərilir.

Ukrayna hakimiyyəti “ehtiyatlı büdcə siyasəti” yürütməyi, vergi inzibatçılığını gücləndirməyi, vergidən yayınma ilə mübarizə aparmağı, məzənnə çevikliyini artırmağı və antikorrupsiya mexanizmlərini gücləndirməyi öhdəsinə götürüb. BVF-də vurğulanıb ki, uğurlu sülh danışıqları baş tutacağı təqdirdə proqram operativ şəkildə yenidən nəzərdən keçiriləcək.

Fondun vəsaitlərindən əlavə, 2026-cı il üçün 52 milyard dollar həcmində maliyyə çatışmazlığının Aİ, G7 və ikitərəfli donorlar xətti ilə bağlanması planlaşdırılır. Ukraynanın rəsmi ikitərəfli borcunun böyük hissəsinə sahib olan kreditorlar qrupu həmin borcun xidmətinə tətbiq edilən moratoriumun müddətini uzatmağı öhdəsinə götürüb.

Son xəbərlər
Digər xəbərlər