Cənubi Koreya NATO bazarına çıxmaq üçün danışıqlara başlayıb

NATO və Cənubi Koreya dəyəri təxminən 9,9 milyard dollar qiymətləndirilən alyansın birgə müdafiə satınalmaları bazarına çıxış imkanı verəcək çərçivə sazişi üzrə danışıqlara başlayacaq. Bu barədə NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində Cənubi Koreya Prezident Administrasiyasının nümayəndəsi, milli təhlükəsizlik müşaviri Vi Son Lak “Yonhap” agentliyinə bildirib.

Danışıqların başlanması barədə razılıq Cənubi Koreya Prezidenti Li Ce Myon və NATO-nun baş katibi Mark Rütte arasında əldə olunub. Cənubi Koreya lideri sammitə alyans rəhbərliyinin dəvəti ilə qatılıb. Müşavirin sözlərinə görə, Seul Ukraynaya yardım üçün əlavə 100 milyon dollar ayıracağını və “sülhün bərpası istiqamətində beynəlxalq səylərə qoşulmağa” hazır olduğunu da təsdiqləyib.

Bununla yanaşı, Cənubi Koreya Prezident Administrasiyasının adının açıqlanmasını istəməyən nümayəndəsi vurğulayıb ki, Seulun Kiyevə hərbi yardım məsələsində mövqeyi dəyişməz olaraq qalır: ayrılan vəsait digər ehtiyaclara yönəldiləcək və ölkə Ukraynaya öldürücü silah tədarük etməyəcək.

NATO sammiti iyulun 7–8-də keçirilir. Tədbirdə alyansa üzv olan 32 ölkənin liderləri, eləcə də tərəfdaş dövlətlərin, o cümlədən Cənubi Koreyanın nümayəndələri iştirak edirlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər