13 C
Baku
Friday, April 19, 2024

Cənubi Koreyanın dəmir yolu işçiləri ümumi tətilə başlayacaqlar

Cənubi Koreyanın dəmir yolu işçiləri maaşların artırılması və daha çox adamın işə götürülərək iş yükünün azaldılması tələbi ilə noyabrın 20-dən ümumi tətilə başlayacaqlar.

Onlar maaşlarının 4 faiz yüksəldilməsini və təxminən 4 min nəfərin dəmir yolu təsərrüfatında işə götürülməsini tələb edirlər. Bu, dəmir yolu işçilərinin 2016-cı ilin sentyabr-dekabr aylarındakı 74 günlük tətilindən sonra keçiriləcək ilk böyük tətil olacaq.

Koreya dəmir yolları korporasiyası (KORAIL) həmkarlar ittifaqı ilə bir müddətdir ki, məsələ ilə bağlı danışıqlar aparır. KORAIL gələn il 1800 yeni işçinin işə götürülməsini və bununla da əməkdaşların iş yükünün azaldılmasını nəzərdə tutub. Amma həmkarlar ittifaqı 4 min nəfərin işə qəbuluna təkid edir. Danışıqlar nəticə vermədiyindən ittifaq ümumi tətil elan edib.

Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi tətil günlərində dəmir yolu təsərrüfatında fasilələrin yaranmaması üçün əvəzedici işçiləri səfərbər etməyi qərara alıb. Nazirlik tətil müddətində sürətli qatarların yalnız 69, adi qatarların 60, yük qatarlarının isə 31 faizinin xidmətdə olacağını bəyan edib. Ona görə də sərnişinlərə və yük şirkətlərinə digər nəqliyyat növlərinin xidmətlərindən istifadə etmək tövsiyə olunub.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər