“Caspian Equipment Company” ASC 2025-ci ili 1,22 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 12,2% çoxdur.
Banker.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin əsas əməliyyat gəliri 15,46 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8,5% azdır. Buna baxmayaraq, satışın maya dəyərinin 12,25 milyon manata enməsi (9,3% azalma), kommersiya xərclərinin 368,6 min manata düşməsi (52,5% azalma) və inzibati xərclərin 1,16 milyon manatadək azalması (10,2% azalma) mənfəət marjasını yaxşılaşdırıb.
Hesabat dövrünün sonunda bölüşdürülməmiş mənfəət 3,28 milyon manata çatıb ki, bu da bir il əvvəlki göstəricidən 55,3% çoxdur. Şirkət 2025-ci ildə mənfəətdən 52,6 min manat, 2024-cü ildə isə 28,5 min manat dividend ödəyib.
Şirkətin cəmi gəlirləri 3,31 milyon manat olub və bu göstərici illik müqayisədə 3,9% azalıb. Gəlirlərin əsas hissəsini 3,21 milyon manat həcmində ümumi mənfəət təşkil edib ki, bu da 5,3% azalma deməkdir. Eyni zamanda, ümumi əməliyyat xərcləri 1,79 milyon manat təşkil edib və əvvəlki illə müqayisədə 11,2% azalıb.
2025-ci ilin sonuna şirkətin cəmi öhdəlikləri 1,1 milyon manat olub ki, bu da illik müqayisədə 36,4% azalma deməkdir. Öhdəliklərin əsas hissəsini 862 min manat həcmində uzunmüddətli öhdəliklər təşkil edib və bu göstərici bir il ərzində 31,7% azalıb. Cari öhdəliklər isə 234,2 min manata enərək 51,2% azalıb. Şirkətin cəmi aktivləri 13,96 milyon manata yüksələrək 12,1%, cəmi kapitalı isə 12,85 milyon manata çataraq 20,0% artıb.
Qeyd edək ki, “Caspian Equipment Company” ASC 18 iyun 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin əsas fəaliyyət istiqamətləri avtomobillərin və minik avtomobili ehtiyat hissələrinin pərakəndə və topdansatışıdır. Cəmiyyətin 100% səhmdarı Rüstəmov Eldəniz Sabir oğludur.







