16 C
Baku
Friday, April 19, 2024

“C+C5” Sammiti: Çinin Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yeni mərhələ

Yanvarın 25-də Çin və Mərkəzi Asiya ölkələri dövlət başçılarının videokonfrans vasitəsilə sammiti (“C+C5”) keçirilib. Tədbirdə Çin Prezidenti Si Cinpin, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər. Sammit Si Cinpinin təşəbbüsü ilə keçirilib. Rəsmi açıqlamalara görə sammitin məqsədi Çin və Mərkəzi Asiya ölkələri arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd etmək olub. Dövlət başçıları əməkdaşlığın daha da genişləndirilməsinə yönəlmiş bir sıra təşəbbüslərlə çıxış ediblər və görüşün yekunları üzrə birgə bəyanat qəbul edilib.

Sammitdə diqqət çəkən əsas məqamlar:

• Çin və Mərkəzi Asiya ölkələri tarixdən qalan ərazi və sərhəd məsələlərini dinc danışıqlar yolu ilə tam həll ediblər;

• Si Cinpin ortaq gələcəyi olan daha yaxın Çin-Mərkəzi Asiya icması qurmaq üçün beş təklif irəli sürüb:

1) mehriban qonşuluq və dostluq əlaqələrinin möhkəmləndirilməsi;

2) yüksək keyfiyyətli inkişaf üçün əməkdaşlıq kəmərinin qurulması;

3) sülhün möhkəmləndirilməsi üçün etibarlı “qalxan” formalaşdırılması;

4) mədəni müxtəliflik tam nəzərə alınmaqla insanlar arasında çoxşaxəli mübadilə çərçivəsinin inkişaf etdirilməsi;

5) dünyada sülh və inkişafı təmin edən “böyük ailə”nin möhkəmləndirilməsi;

• Si Cinpin həmçinin Çin və beş Mərkəzi Asiya ölkəsi arasında uğurlu əməkdaşlığın dörd prinsipə söykəndiyini bildirib: qarşılıqlı hörmət, mehriban qonşuluq və dostluq, qarşılıqlı yardım və qarşılıqlı fayda;

• Si Cinpin Çinin daxili bazarını Mərkəzi Asiya malları və kənd təsərrüfatı məhsulları üçün daha çox açacağını vəd edib (Çinin koronavirus səbəbiylə sərhəd qaydalarını sərtləşdirməsindən sonra Mərkəzi Asiyadan olan ixracatçılar əhəmiyyətli itkilərə məruz qalıb);

• Si Cinpin bəyan edib ki, 2030-cu ilə qədər Çin ilə region arasında ticarət dövriyyəsini 70 milyard dollara çatdırmaq istəyir;

• Si Cinpin həmçinin sosial əhəmiyyətli layihələr üçün növbəti üç il ərzində Mərkəzi Asiya ölkələrinə 500 milyon dollar qrant və bu il Çin istehsalı olan 50 milyon COVID-19 peyvəndi vəd edib;

• Növbəti beş ildə Çin Konfutsi İnstitutları və Konfutsi Sinif otaqlarının açılmasına üstünlük verməklə beş Mərkəzi Asiya ölkəsindən olan 1200 tələbəyə dövlət təqaüdü verəcək;

• Si Cinpin qeyd edib: “Biz xarici qüvvələrin Mərkəzi Asiyada rəngli inqilabları qızışdırmaq cəhdlərinə qəti şəkildə qarşıyıq; insan haqları bəhanəsi ilə başqa ölkələrin daxili işlərinə qarışmasına qəti şəkildə qarşıyıq; və altı ölkəmizin xalqının əmin-amanlığını pozmağa çalışan istənilən qüvvəyə qəti şəkildə qarşıyıq”.

• Si Cinpin çıxışını bu sözlərlə bitirib: “Altı ölkəmizin xalqlarının rifahını artırmaq üçün gəlin dostluğumuzu yeniləyək, əməkdaşlığımızı inkişaf etdirək və Çin və Mərkəzi Asiya ölkələri arasında münasibətlər üçün daha parlaq gələcək yaratmaq və bəşəriyyət üçün ortaq gələcəyi olan bir icma qurmaq üçün birlikdə çalışaq”.

• Tokayev bildirib ki, Qazaxıstan tranzit-nəqliyyat marşrutlarının şaxələndirilməsi məqsədilə 2025-ci ilə qədər 20 milyard dollar sərmayə qoymağı planlaşdırır;

• Qazaxıstan və Çin arasında ikitərəfli ticarət yeni rekord həddə çatıb: 2021-ci ilin 11 ayının yekunlarına görə, bu rəqəm 17 milyard dollara yüksəlib;

• Çinin Mərkəzi Asiya dövlətlərinə yatırdığı 40 milyard dollar sərmayənin təxminən yarısı Qazaxıstanın payına düşür;

• Si Cinpin Çinin Qazaxıstanın müstəqilliyini, suverenliyini və təhlükəsizliyini qorumaq səylərini tam dəstəklədiyini bildirib: “Əminəm ki, Sizin (Tokayev) sədaqətli rəhbərliyiniz altında bütün çətinliklər dəf olunacaq, Qazaxıstan daha da güclənəcək və daha möhkəm olacaq”;

• Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Çin-Mərkəzi Asiya” Yeni İqtisadi Dialoq Strategiyasının hazırlanması təşəbbüsünü irəli sürüb (Bu strategiya maneəsiz ticarətin təmin edilməsi və Mərkəzi Asiya ölkələrindən Çinə hazır məhsul tədarükünün həcminin artırılması üçün məqsədyönlü tədbirlərin görülməsini nəzərdə tutur);

• Mirziyoyev qeyd edib ki, Çin təkcə “qlobal fabrik” deyil, həm də “qlobal bazar”dır;

• Daşkənd “Yaşıl İpək Yolu” təşəbbüsü çərçivəsində alternativ enerji sahəsində Çin investisiyalarının və texnologiyalarının cəlb edilməsi məqsədilə Yol Xəritəsinin hazırlanmasını təklif edib;

• Özbəkistan lideri həmçinin iki ölkənin İT parkları əsasında “İntellektual İpək Yolu” platformasının yaradılmasını təklif edib;

• 30 il ərzində Özbəkistan və Çin arasında qarşılıqlı ticarət 140 dəfə artıb və 2021- ci ildə onun həcmi 7,4 milyard dolları ötüb. Özbəkistanın bütün ixrac məhsullarının 20%-dən çoxu bu gün Çin bazarına göndərilir. 2017-ci ildən Özbəkistana birbaşa Çin investisiyalarının axını 5 dəfə artıb və ümumi həcmi 8 milyard ABŞ dollarını ötüb. Özbəkistanda Çin investorlarının iştirak etdiyi şirkətlərin ümumi sayı son beş ildə üç dəfə artıb və hazırda 2000-ə yaxındır;

• Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Çin ilə enerji tərəfdaşlığının genişləndirilməsi təşəbbüsü ilə çıxış edib: “Türkmənistan 4-cü boru kəmərinin tikintisi ilə Çinə təbii qaz nəqlinin həcminin artırılması məsələsinin əsaslı müzakirəsinə hazırdır”;

• Berdiməhəmmədov BMT Baş Assambleyasının 74-cü sessiyasında qəbul edilmiş koronavirus mübarizədə qlobal həmrəylik haqqında Qətnamənin sözügedən ölkələr tərəfindən dəstəklənməsini xüsusi vurğulayıb;

• Qırğızıstan prezidenti Sadır Japarov öz çıxışında bugünkü reallığın regionda avtomobil və dəmir yolu daşımaları üçün yeni beynəlxalq marşrutların açılması üçün birgə infrastruktur proqramlarının səmərəli həyata keçirilməsi zərurətini diktə etdiyin vurğulayıb. O qeyd edib ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində öncül layihəyə çevrilməlidir.

• Tacikistan prezidenti Emoməli Rəhmon çıxışında son üç onillikdə Tacikistan və Çin arasında münasibətlərin inkişafın edərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

• Sammitin yekunu olaraq diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Birgə Bəyanat qəbul edilib. Bəyanatda sammit iştirakçıları Mərkəzi Asiya dövlətləri ilə Çin arasında münasibətlərdə yeni eranın başlandığını bəyan ediblər. Beləliklə, bu sammitin ən mühüm nailiyyəti Çin və Mərkəzi Asiya arasında “ortaq gələcək naminə” icmanın yaradılmasının elan edilməsidir;

• Tərəflər milli maraqların qorunmasında, müstəqil inkişaf yolu və idarəetmə modelində, eləcə də təşəbbüslərin həyata keçirilməsində bir-birini dəstəkləməyə davam edəcəklər;

• Bəyanatda qeyd edilir ki, tərəflər dövlətin və milli təhlükəsizliyin, konstitusiya quruluşunun təmin edilməsinin əsas əhəmiyyət kəsb etməsi barədə yekdil fikirdədir, qanuni dövlət hakimiyyətini gözdən salmaq cəhdlərinə və “rəngli inqilablara” qəti şəkildə qarşıdırlar;

• Tərəflər Qazaxıstan Respublikasının BMT-nin himayəsi altında Xəstəliklərə Nəzarət və Biotəhlükəsizliyə dair Regional Mərkəzlər Şəbəkəsinin yaradılması, eləcə də BMT-nin himayəsi altında xüsusi çoxtərəfli qurumun – Beynəlxalq Biotəhlükəsizlik Agentliyinin yaradılması təşəbbüslərini dəstəklədiklərini bildiriblər;

• Tərəflər beynəlxalq informasiya təhlükəsizliyi sahəsində yeni çağırışlara və təhdidlərə qarşı mübarizə aparmaq üçün Çinin Qlobal Məlumat Təhlükəsizliyi Təşəbbüsü çərçivəsində dinc, açıq, təhlükəsiz, birgə və nizamlı kiberməkanın yaradılması ideyasını dəstəkləyib;

• Tərəflər regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün ən mühüm amillərdən birinin qonşu Əfqanıstandakı vəziyyətin tezliklə nizama salınması olduğuna inanır, onun müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiqləyir;

• Tərəflər Əfqanıstan cəmiyyətinin bütün etnik, dini və siyasi qruplarının nümayəndələrinin iştirakı ilə inklüziv hökumətin yaradılmasını son dərəcə vacib hesab edirlər;

• Dövlət başçıları bu ölkə ilə ticarət-iqtisadi, nəqliyyat, logistika və enerji əlaqələrinin gücləndirilməsinin, habelə BMT-nin mərkəzi rolu ilə Əfqanıstan xalqına hərtərəfli beynəlxalq humanitar yardımın göstərilməsinin vacibliyini vurğulayıblar;

• Praktiki baxımdan “Kəmər və Yol” təşəbbüsünün və Mərkəzi Asiya dövlətlərinin milli inkişaf strategiyalarının uyğunlaşdırılması və inteqrasiyasını davam etdirmək, ticarət və investisiya prosedurlarının asanlaşdırılmasını təşviq etmək barədə razılığa gəlinib;

• Rəsmi Aşqabadın 2022-ci ilin aprelində BMT ilə əməkdaşlıq çərçivəsində dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nəqliyyat nazirlərinin beynəlxalq konfransının Türkmənistanda keçirilməsi təklifi dəstəklənib;

• “Kəmər və Yol” təşəbbüsü çərçivəsində “Yaşıl İnkişaf üzrə Əməkdaşlıq” təşəbbüsü irəli sürülüb;

• Bəyanatda həmçinin qeyd olunur ki, COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində tərəflər peyvəndləri qlobal ictimai sərvət kimi tanıyırlar;

• Tərəflər terrorizmin, separatizmin və ekstremizmin bütün formalarını qətiyyətlə pisləyir və “üç şər qüvvə” ilə effektiv mübarizə aparmaq üçün birgə işləməyə hazırdırlar;

• Elektron ticarət, yaşıl enerji, rəqəmsal maliyyə, süni intellekt və yoxsulluğun azaldılması sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb;

• Mərkəzi Asiya ölkələri Çin Kommunist Partiyasının rəhbərliyi ilə Çin xalqının əldə etdiyi nailiyyətləri xüsusi qeyd ediblər;

• Tərəflər demokratiyanın bütün bəşəriyyətin ümumi məqsədi və dəyəri olduğunu və bir ölkənin demokratik olub-olmamasına yalnız öz xalqının qiymət verə biləcəyini vurğulayıb;

• Mərkəzi Asiyanın beş dövlət başçısı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etməyi səbirsizliklə gözlədiklərini bildiriblər və beləliklə, bu mühüm beynəlxalq idman yarışına siyasi dəstək ifadə ediblər;

Nəticə

Mərkəzi Asiya bir çox xarici oyunçuların maraqlarının kəsişdiyi regiondur. Regionda maraqları olan digər qlobal aktorlardan fərqli olaraq, Çin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda heç bir siyasi şərt irəli sürmür. Onların daxili məsələlərinə qarışmamaqla bağlı bu cür əməkdaşlıq Mərkəzi Asiya ölkələrindəki siyasi hakimiyyətlərin etimadını qazanmaq və dövlətlərarası qarşılıqlı əlaqələrin davamlılığını təmin etmək istəyindən irəli gəlir. Qeyd edək ki, Çin Mərkəzi Asiyanın üç respublikası – Qazaxıstan, Qırğızıstan və Tacikistanla bilavasitə qonşudur. Bu ölkələrin xalqları regionla həmsərhəd olan Çinin Sincan Uyğur Muxtar Bölgəsi ilə etnik və mədəni cəhətdən yaxındır.

Si Cinpin dövründə həyata keçirilən iddialı xarici siyasət ölkənin Asiyada və dünyada dominant güc olmaq istəyini əks etdirir. Bu, xüsusən də Mərkəzi Asiya da daxil olmaqla Çinin qonşuluğunda ciddi narahatlıqlar yaradır. Sammitin birgə bəyanatında Mərkəzi Asiya ölkələri ilə sərhədlərin tənzimlənməsi vurğulansa da, bölgədə Çinin tarixi torpaq iddiaları qeyri-rəsmi formada olsa da hələ də qalmaqdadır. Bu, Mərkəzi Asiyada qəbul edilən “Çin təhlükəsi”nin mövcudluğunun başlıca səbəbidir. Çin-Mərkəzi Asiya Sammiti zamanı elan edilən təşəbbüslər Çinin öz milli maraqlarına xidmət etmək, Mərkəzi Asiyada Çinlə bağlı mənfi təsəvvürləri aradan qaldırmaq, yerli əhalinin sosial problemlər səbəbindən hökumətlərə qarşı çıxıb bölgədə xaotik vəziyyət yaratmasını əngəlləmək istəyini əks etdirir.

Hazırda Çin tərəfi Mərkəzi Asiya siyasətində üç problemlə üz-üzə olduğunu iddia edir: Birincisi, İslam fundamentalizminin bu ölkələrə, oradan da Çinə nüfuz etməsinin qarşısını almaq. İkincisi, Mərkəzi Asiya vasitəsilə Çinin enerji təhlükəsizliyinin dayanqlılığını təmin etmək. Üçüncüsü, Çin mallarının xaricə çatdırılması üçün yaratdığı infrastrukturun etibarlılığını və təhlükəsizliyini qarantiya altına almaq. Beləliklə, Çinin Mərkəzi Asiyadakı siyasəti ilk növbədə üç məqsədə – öz daxili təhlükəsizlik maraqlarını, resurs təhlükəsizliyini və beynəlxalq bazarlara stabil çıxışını təmin etməyə yönəlib.

Bu sammit Çinin yeni ilin əvvəlində keçirdiyi ilk genişmiqyaslı çoxtərəfli diplomatik tədbir, eləcə də Çin və beş Mərkəzi Asiya ölkəsi liderlərinin son 30 ildə bu formatda ilk kollektiv görüşü olub. Çin və Mərkəzi Asiya ölkələri ali səviyyədə əvvəllər daha çox Rusiyanın da daxil olduğu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində görüşlərə üstünlük verirdi.

Sammitin Qazaxıstanda baş verən son iğtişaşlar fonunda keçirilməsi xüsusi aktuallıq kəsb edir. Çinin XİN-nin açıqladığı rəsmi bəyanatların təhlili göstərir ki, radikalizm meyllərinin Çinin Sincan-Uyğur Muxtar Bölgəsinə yayıla biləcəyindən narahat olan rəsmi Pekinin KTMT qüvvələrinin iğtişaşların öhdəsindən gəlməyə kömək etməsindən və qısa müddət ərzində Qazaxıstanı tərk etməsindən kifayət qədər razı olduğu görünür. Bundan əlavə bəzi ekspertlər hesab edir ki, Rusiya regionda faktiki olaraq Çin sərmayəsinin himayədarı kimi çıxış edir, dolayısilə Rusiya Çinin Mərkəzi Asiyada iqtisadi maraqlarını “pulsuz” qoruyur və buna görə də Çin onun regionda aparıcı təhlükəsizlik roluna qarşı çıxmır. Çinli ekspertlər belə bir tezislə çıxış edirlər ki, Mərkəzi Asiya regionunda Çin və Rusiyanın hərbi-siyasi sahədə harmonik münasibətləri mövcuddur, iqtisadi sahədə isə onlar arasında rəqabət var.

Rusiya və Çin yaratdıqları regional layihələr vasitəsilə (müvafiq olaraq Avrasiya İqtisadi Birliyi; ŞƏT və “Kəmər və Yol” təşəbbüsü) Mərkəzi Asiyada öz ekspansiyalarını intensivləşdirməkdə davam edir. Bunu həm də Mərkəzi Asiyada “5+1” kimi müxtəlif
formatlarda da açıq-aydın görə bilirik. ABŞ, Çin, Aİ, Hindistan, Yaponiya, Koreya regionla bağlı oxşar dialoq platformaları həyata keçirirlər.

Beləliklə, Sammitin nəticəsi olaraq imzalanan birgə bəyanatda Çinin dünya nizamına baxışını ifadə edən “ortaq gələcək icması”nın öz əksini tapması rəsmi Pekinin öz yeni qlobal nizamının “sınaq meydançası” kimi yaxın periferiyası olan Mərkəzi Asiyadan başladığını göstərir. Yaxın illərdə Çinin post liberal dünya nizamı ilə bağlı özünə xas konseptual baxışını Cənubi Qafqaz ölkələri ilə də sənədləşdirmək istəyəcəyini ehtimal edə bilərik.

Son xəbərlər
Digər xəbərlər