Çinin ən zəngin adamlarından biri olan Cek Manın “Ant Group” şirkəti maliyyə holdinqinə çevriləcək bank tənzimləmə sisteminə tabe olacaq.
Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” yazıb.
Yenidənqurma planına görə, holdinqdə ərzaq çatdırılması və blokçeyn daxil olmaqla “Ant Group”un bütün bölmələri birləşəcək. Əvvəlcə şirkət holdinqə yalnız maliyyə xidmətlərini daxil etməyi təklif etmişdir: aktivlərin idarə edilməsi, istehlak kreditləşməsi, sığorta və “MyBank” onlayn kredit xidməti.
Yenidənqurma barədə rəsmi açıqlama Çin Yeni ilindən əvvəl – fevralın 12-də verilə bilər. “Bloomberg”in qeyd etdiyi kimi, Çin hökuməti maliyyə şirkətləri üçün xüsusi tələblər hazırlayır və bu, uzun davam edən prosesdə hələ ilk addımdır.
Ekspertlərin sözlərinə görə, yeni qaydalar “Ant Group”un inkişaf və genişlənmə tempinin azalmasına səbəb olacaq. Xatırladaq ki, 2020-ci ilin oktyabrında şirkət birjaya çıxmağı planlaşdırırdı. Lakin Çin səlahiyyətlilərinin müdaxiləsindən sonra Şanxay və Honkonq birjaları IPO-nu dayandırdılar.
“Ant” IPO-nu bərpa etmək ehtimalını hələ də araşdırır, lakin yenidənqurmaya görə bu danışıqların nə qədər müddət davam edəcəyi bəlli deyil.