6 C
Baku
Sunday, December 15, 2024

Çeki saxlayın, ƏDV-nin 15 faizi geri qayıda bilər

2019-cu ildən Azərbaycan hökuməti “kölgə iqtisadiyyatı”nın səviyyəsini azaltmaq üçün qarşısına konkret məqsəd qoyub. Bunlardan biri istehlakçıların aldıqları mal və xidmətə görə çek tələbetməsini stimullaşdırmaqla bağlı tədbirlərdir.

Banker.az bildirir ki, dövriyyənin rəsmiləşdirilməsi və nağdsız əməliyyatları stimullaşdırmaq məqsədilə gələn il ƏDV-nin bir hissəsinin istehlakçıya geri qaytarılması ilə bağlı Vergilər Nazirliyinin təklifləri var.

Belə ki, ticarət mərkəzləri və iaşə xidmətlərindən istifadə edən alıcı topladığı çekləri təqdim edərək ƏDV-nin bir qismini geri alacaq. Konkret olaraq, təkliflər belədir ki, vətəndaş aldığı mala görə əldə etdiyi çekləri təqdim etdiyi zaman əgər ödəniş nağdsız həyata keçirilibsə, ƏDV-nin 15 faizini, nağd şəkildə alış-veriş edilibsə, yenə də kassa çeki varsa, 10 faizini geri ala biləcək. Bu həm rəsmiləşməyə doğru aparan bir təşviq mexanizmidir, həm də nağdsız dövriyyənin həcmini artıracaq.

O da məlumdur ki, Azərbaycanda ƏDV 18 faizdir və vergi daxilolmalarının böyük hissəsi məhz ƏDV-nin üzərinə düşür. 2019-cu ilin büdcəsində vergi daxilolmalarının həcmi artırılıb, bu halda bu təklifin büdcəyə mənfi təsiri ola bilərmi?

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda ƏDV-nin 18 faiz təşkil etdiyini nəzərə alsaq, 100 manatda 18 manat edir. Və büdcədə ƏDV-nin gəliri 5,3 milyard təşkil edirsə, orta hesabla nağdsız, nağd hesablaşmaları 13,5 faizlə götürsək, bu, təxminən 375 milyon manat edir. Üstəlik, ƏDV-nin geri qaytarılması ancaq qeyri-neft sektoru məhsullarına aid edilir.

“Burada başqa bir məsələ var, siz inanırsınızmı bu çeklər yığılıb təhvil veriləcək? Əgər vətəndaş 1000 manatlıq dövriyyə etsə, bu 180 manat edir. Tutaq ki, 15 faiz nağdsız dövriyyə ilə edib, bu halda ona çatacaq məbləğ 27 manatdır. Belə məbləğə görə vətəndaşın hansısa bankın və ya idarənin qapısını döyməsi üçün, bəlkə, marağı olar, ancaq kiçik həcmlərə görə inanmıram.

Ümumən, bu təklifi dəstəkləyirəm, sadəcə olaraq, sual yaranır ki, mexanizm işləyəcəkmi? Çünki bizdə nağdsız ödəniş mədəniyyəti hələlik yoxdur”.

Ancaq əminliklə demək olar ki, bu təklif tətbiq edilərsə, müsbət tendensiya yaranacaq. Çünki insanlar hansısa formada pul alacaqlarını bildikləri üçün çek tələb edəcəklər. Bu isə sahibkarları məcbur edəcək ki, dövriyyəni rəsmiləşdirsinlər. Rəsmiləşdirmə isə büdcəyə daxilolmanın həcmini artıracaq.

Ona görə də bu gün mümkün imkanlardan istifadə edib, təşviq mexanizmlərini artırmaq lazımdır. Nağdsız və qanuni dövriyyəni artıq mədəniyyətə çevirməliyik. Qarşıdakı 5-6 ildə stimullaşdırıcı mexanizmlərdən istifadə etməklə, sonrakı dövr üçün bir mədəniyyət formalaşdırmaq lazımdır.

R.Həsənov ƏDV-nin differensiallaşmasının tərəfdarıdır:

“Çünki sabit ƏDV çox absurd bir vəziyyət yaradır, idarəetməni çətinləşdirir. Hökumət əlindəki tənzimləmə alətlərinin sayını nə qədər çoxaldırsa, o qədər daha çevik siyasət həyata keçirə bilir. Uzunmüddətli perspektivdə sadələşdirilmiş verginin ləğv edilməsi zamanı belə, sabit ƏDV böyük problemlər yaradacaq.

Əgər hədəf belədirsə, mütləq ƏDV differensiallaşmalıdır ki, tənzimləmək üçün alət rolunu oynasın. Sektorların təşviqi, qiymətlərin idarə edilməsi, tələb və təklifin istiqamətləndirilməsi üçün bu, vacib addımdır”.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər