Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev arasında görüş olub.
Banker.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycanın BMT çərçivəsində fəaliyyətindən məmnunluq ifadə edilib, ölkəmizin BMT çərçivəsində bir sıra istiqamətlərdə, xüsusilə də sülh və təhlükəsizliyin dəstəklənməsi sahəsində genişmiqyaslı təşəbbüsləri, o cümlədən sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı yüksək qiymətləndirilib.
Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirən nazir Ceyhun Bayramov, bu xüsusda, Azərbaycanın donor ölkə qismində yaxından əməkdaşlıq etdiyini bildirib. Tərəflər, həmçinin post‐münaqişə dövründə bölgədə son vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Azərbaycanın ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmasına, bir milyona yaxın azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsinə, işğalın Azərbaycanın sosial-iqtisadi rifahına dağıdıcı təsirlərinə baxmayaraq, ölkəmizin çətinliklərin öhdəsindən gəldiyi, yardım alan ölkədən donor ölkəsinə çevrildiyi qeyd olunub. COVID-19 pandemiyası dövründə ölkəmizin donorluq fəaliyyəti, Qlobal Pandemiya ilə mübarizə sahəsinə töhfələri barədə ətraflı məlumat verilib. Azərbaycan Respublikası tərəfindən bir çox ölkələrə səhiyyə, təhsil, texniki və humanitar sahələrdə göstərilən yardımlar diqqətə çatdırılıb.
Nazir daha sonra, qarşı tərəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə prosesi, Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minaların qurbanına çevrilməsi və minaların təmizlənməsi sahəsində Ermənistanın Azərbaycanla əməkdaşlıq etməməsi məsələsini diqqətə çatdırıb. Həmçinin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı barədə qarşı tərəfi məlumatlandıran nazir ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb.
Ətraflı məlumata görə təşəkkür edən Aleksandr Zuyev qısa müddətdə ölkəmizdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın durmadan inkişaf etdiyinin şahidi olduğunu, Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həll olunduğunu, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd edib. BMT nümayəndəsi ölkəmizi “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda mühüm beynəlxalq humanitar konfransın keçirilməsinə görə təbriklərini çatdırıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.