6 C
Baku
Sunday, December 15, 2024

Ceyhun Bayramov: “TAP İtaliyanın qaza olan tələbatının 20-25 %-ni ödəyə bilər”

Cari ilin may ayınadək Azərbaycan Trans-Adriatik Təbii Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox, o cümlədən İtaliyaya 10 milyard kubmetrdən çox təbii qaz nəql edilib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində deyib.

“2022-ci ildə Azərbaycandan İtaliyaya 9,5 milyard kubmetr təbii qaz təchizatı proqnozlaşdırılır. TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10 %-ni qarşılayır. Tam genişlənmə və ötürmə qabiliyyətinin iki dəfə – 20 milyard kubmetrə qədər artırılacağı təqdirdə, TAP İtaliyanın qaza olan tələbatının 20-25 %-ni ödəyə bilər”, – nazir bildirib.

C. Bayramovun sözlərinə görə, Azərbaycan ilə İtaliya arasında strateji iqtisadi tərəfdaşlıq ilk növbədə enerji sektoruna əsaslanır və ölkəmiz İtaliyanın əsas xam neft, ötən ildən başlayaraq isə təbii qaz təchizatçılarından biridir: “Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsi İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən, eyni zamanda İtaliyanın qaz bazarında qiymətlərin sabit saxlanılmasında üstünlüklər təmin edən vacib amildir”.

Nazir vurğulayıb ki, ümumiyyətlə, Avropa İttifaqı və onun bəzi üzv ölkələri Ukraynada baş verən hadisələrdən öncə də Azərbaycandan enerji resurslarının nəqlinin artırılmasına maraq nümayiş etdirmişlər: “Bəzi ölkələrdən onların öz enerji istehlakında kömürün qazla əvəz edilməsinə və enerji keçidinə töhfə üçün Cənub Qaz Dəhlizinin Qərbi Balkanlara doğru genişləndirilməsi ilə bağlı müvafiq sorğular alınmışdır. Bütün bunlar ondan irəli gəlir ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə və təchizat mənbələri və marşrutlarının şaxələndirilməsinə töhfə verməklə özünü etibarlı tərəfdaş kimi təsdiq etmişdir. Təbii ki, Azərbaycan qazının daha geniş Avropa məkanına nəqli əlavə resurs bazasına sərmayələrin cəlb edilməsi deməkdir və biz, bu məsələdə Avropa İttifaqı və üzv ölkələrin dəstəyinə ümid edirik”.

Nazir davam edərək bildirib ki, elektrik enerjisinin ixracı sahəsində təcrübəyə malik Azərbaycan Avropa İttifaqını da elektrik enerjisi ilə təmin etmək potensialına malikdir: “Hazırda Azərbaycan Avropa İttifaqı ilə ənənəvi enerji resurslar ilə yanaşı, hidrogen və bərpa olunan enerji sahəsində də əməkdaşlıq imkanlarını nəzərdən keçirir. 2030-cü ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerjinin payının 30 %-ə çatdırılması əsas hədəf kimi müəyyən edilib. Dənizdə külək enerjisinin inkişafı və ölkəmizin işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması istiqamətində konkret addımlar atılmaqdadır. Beləliklə, Azərbaycan neft-qaz və elektrik enerjisi üzrə təchizatçı rolunu bərpa olunan enerjinin ixracı ilə genişləndirə bilər. Göründüyü kimi, qlobal enerji bazarında Azərbaycan kommersiya maraqlarından çıxış edir və digər ölkələrin bazar payını əvəz etmək və ya onlarla rəqabət etmək məqsədi qarşısına qoymur”.

 

 

Son xəbərlər
Digər xəbərlər