ABŞ-ın iri enerji şirkəti “Chevron” LUKOIL-in xaricdəki aktivlərini alma imkanını nəzərdən keçirir. Bu barədə proseslə tanış olan beş mənbəyə istinadən “Reuters” məlumat yayıb.
Oktyabr ayında ABŞ Maliyyə Nazirliyi LUKOIL, “Rosneft” və onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Nazirlik LUKOIL-in xarici aktivləri ilə bağlı tranzaksiyaların 13 dekabradək həyata keçirilməsinə icazə verib.
14 noyabrda LUKOIL mümkün alıcılarla danışıqlar apardığını açıqlayıb. Onların arasında amerikalı investisiya fondu “Carlyle” da var. LUKOIL-in aktivlərini almağa Rumıniya və Qazaxıstandan olan şirkətlər də maraq göstəriblər. İsveçrəli treyder “Gunvor” da şirkətin xarici aktivlərini almağa hazır olduğunu bildirib, lakin bir həftə sonra ABŞ Maliyyə Nazirliyinin lisenziya verməkdən imtina etməsi səbəbindən təklifini geri çəkib.








