“Chevron” Venesuelaya 7 milyard dollar investisiya yatıracaq

ABŞ-nin ikinci ən böyük neft şirkəti olan “Chevron Corp.” növbəti 5 il ərzində Venesuelada xam neft hasilatını ikiqat artırmaq üçün birgə müəssisələr vasitəsilə 7 milyard dollar investisiya qoymağı planlaşdırır.

Şirkət Venesuelanın zəngin neft yataqlarına malik Orinoko çayının Karabobo bölgəsində iki nəhəng neft yatağının işlənməsi hüququnu qazandığını açıqlayıb. Bu yataqlar, “Karabobo 1” və “Karabobo-2-Cənubi-A” “Chevron”un 49 faiz paya sahib olduğu “Petroindependencia” birgə müəssisəsinin yaxınlığında yerləşir.

“Chevron” 2031-ci ilə qədər Venesuelada gündəlik təxminən 600 min barel neft hasil etməyi planlaşdırır ki, bu da hazırkı səviyyədən ikiqat çoxdur.

Şirkətin baş icraçı direktoru Mayk Virt deyib: “Biz ölkənin ən yaxşı geoloji formasiyalarından bəziləri hesab etdiyimiz yerlərdə son dərəcə güclü mövqe tuturuq. Söhbət milyardlarla barel ehtiyatından gedir”.

Bu müqavilə ABŞ-nin xüsusi təyinatlı qüvvələrinin yanvar ayında prezident Nikolas Maduronu saxlamasından bəri Venesuelada böyük neft şirkətinin ən əhəmiyyətli kapital qoyuluşudur.

Venesuela dünyanın ən böyük neft ehtiyatlara malik olsa da, ölkənin qazıntı yanacaq sənayesi illərdir davam edən pis idarəetmə, korrupsiya və sanksiyalardan əziyyət çəkib.

ABŞ hökuməti bu həftənin əvvəlində Venesueladakı 17 neft yatağına 100 illik əməliyyat hüququ verən özəl şirkət olan “North American Blue Energy Partners”dəki (NABEP) 35 faizlik pay üçün danışıqlar aparıb.

Mayk Virt ABŞ-nin NABEP-ə investisiyası ilə bağlı şərh verməkdən imtina edib, lakin Tramp administrasiyasının hər iki ölkəyə fayda verən kommersiya həllərinə sadiqliyini yüksək qiymətləndirərək bildirib: “Administrasiya Venesuelanın enerji ehtiyatlarının həm Amerikanın enerji təhlükəsizliyi, həm də Venesuelanın iqtisadi bərpası üçün hərəkətverici qüvvə ola biləcəyini qəbul edir”.

Baş icraçı direktor, həmçinin qeyd edib ki, “Chevron” şirkəti investisiyalarını təmin etmək üçün müqaviləyə əhəmiyyətli təhlükəsizlik tədbirləri daxil edib. Lakin o, müqavilələrin təfərrüatları barədə ətraflı məlumat verməkdən imtina edib.

MənbəAZƏRTAC
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər