İdarəetmə və maliyyə sahəsində istənilən mütəxəssis ali təhsil diplomuna sahibdir, bəziləri isə hətta prestijli universitetlərin məzunlarıdır. Lakin bundan əlavə, digərləri arasında necə seçilmək mümkündür? Əmək bazarında öz tələbat səviyyənizi necə yüksəldə bilərsiniz? Bu suallar barədə ətraflı düşünən şəxslər birmənalı olaraq beynəlxalq peşəkar kvalifikasiyalar əldə etməyin vacibliyi fikrini dərk edirlər.
Banker.az saytı olaraq CIMA, ACCA, CFA və CIA proqramları üzrə sertifikatların əldə edilməsi xüsusiyyətlərini, hər proqramın ayrılıqda üstün cəhətlərini və şərtlərini diqqətinizə çatdıracağıq.
Peşəkar kvalifikasiyalar nədir və nəyə lazımdır?
Beynəlxalq peşəkar kvalifikasiyaların əldə edilməsi son illər maliyyəçilər arasında olduğu kimi, qeyri-maliyyə sektoru ilə məşğul olan menecerlər arasında da populyarlıq qazanıb. Buna isə bir çox səbəblər mövcuddur.
Birincisi, istənilən peşəkar kvalifikasiya – seçilmiş sahə üzrə geniş bilik mənbəyidir ki, bu da işə qəbul olarkən özünə əminliyinizin ikiqat artmasına səbəb olur. CIMA, ACCA, CFA institutu və s. kimi beynəlxalq təşkilatlar müasir biznesin tələblərinə cavab vermək üçün daim təhsil proqramlarını yeniləyir və işəgötürən şirkətlərin aktual nöqteyi-nəzərini əks etdirən mövzulara toxunurlar.
İkincisi, CIMA, ACCA, CFA, CIA kimi sertifikatlar özünü bütün dünyada tanıtmış və rəhbər şəxsə sözün əsl mənasında professional səviyyədə “məzun” təqdim edir. Beynəlxalq peşəkar kvalifikasiya diplomunu əldə etmək üçün keçirilən imtahanlar kifayət qədər çətinlik səviyyəsinə malikdir. İmtahanları müstəqil təşkilatlar hazırlayır və yoxlayır. Məhz bu xüsusiyyətlər – hazırlıq mərhələsinə sərt tələblər və namizədlərin müstəqil qiymətləndirilməsi beynəlxalq peşəkar kvalifikasiyaları qiymətli və bütün dünyada tələb olunan edir.
Üçüncüsü, yüksək səviyyəli bu diplomla təltif edilmək hələ son demək deyil. CIMA, ACCA, CFA, CIA proqramlarının məzunları bütün dünya üzrə minlərlə mütəxəssisi birləşdirən prestijli professional cəmiyyətin üzvlərinə çevrilirlər. Bu gələcəkdə işgüzar əlaqələr yaratmağa şərait yaradır. Bundan əlavə, ixtisaslaşdırılmış internet resurslarına çıxış və professional inkişafınızı davam etdirməyə imkan verən tədbirlərdə iştirak hüququ əldə edirsiniz.
Bəs CIMA, ACCA, CFA və CIА üzrə necə seçim etmək lazımdır?
Yuxarıda sadalanan proqramlardan hər biri özünəməxsus xüsusiyyətlərə sahib olmaqla, müəyyən mütəxəssis kateqoriyasına aiddir.
ACCA
ACCA kvalifikasiyası (Associationof Chartered Certified Accountants – Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) mühasiblər, auditorlar, BMHS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) və top-menecerlər arasında ən populyar seçimdir. ACCA proqramı mühasibat uçotunun daha dərindən öyrənilməsini və BMHS, vergi tutulması, hüquq və audit üzrə mühasibatlığın hazırlanmasını təklif edir.
ACCA imtahanları üçün qeydiyyatdan keçmək üçün orta professional təhsil barədə diploma sahib olmaq və yaxud universitetin 1-ci kursunu bitirmək kifayətdir. ACCA üzvlüyünə daxil olmaq üçün isə 14 imtahan verməli və maliyyə sahəsində 3 illik praktik təcrübəyə malik olduğunu sübut etməlisiniz.
CFA
CFA sertifikatı (Chartered Financial Analyst) karyerasını maliyyə analizi və investisiya (bunlar maliyyə bazarlarının, sığorta şirkətlərinin, kredit və bank təşkilatlarını işçiləridirlər) sahəsi üzrə qurmaq istəyənlər üçün nəzərdə tutulub.
Proqram bir çox ixtisasları əhatə edir: makroiqtisadiyyat, korporativ maliyyə, maliyyə analizi, kəmiyyət metodları, professional etika. Bundan əlavə, CFA proqramları çərçivəsində investisiyaların müxtəlif növləri və xüsusiyyətləri, həmçinin investisiya portfellərini idarəetmə də nəzərdən keçirilir. CFA kvalifikasiyasına sahib olmaq üçün ingilis dilində 3 imtahan vermək və həmçinin investisiya qərarlarının alınması ilə bağlı 4 illik iş təcrübəsinə sahib olmaq lazımdır.
CIA
CIA sertifikatı – (Certified Internal Auditor)ABŞ Daxili Auditorlar institutu tərəfindən təyin edilmiş, beynəlxalq kvalifikasiyanın olduğunu sübut edən sənəddir. Bu sertifikat əsas olaraq auditorlar və risk menecerləri tərəfindən seçilir.
CIA sertifikatı əldə etmək üçün ingilis dilində 3 imtahan vermək, ali təhsilə malik olmaq, daxili və yaxud xarici audit sahəsi üzrə 2 illik iş təcrübəsinə malik olmaq, həmçinin artıq CIA sertifikatı olan bir şəxsdən və yaxud rəhbərdən tövsiyyə məktubu əldə etmək lazımdır.
CIMA
CIMA kvalifikasiyası – (Chartered Institute of Management Accountants – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Sertifikatlaşdırılmış İdarəetmə Mühasiblər İnstitutu) özünü maliyyə direktoru, yüksək lider və yaxud şəxsi biznesinin uğurlu rəhbəri kimi görən şəxslərin seçimidir. Bu proqram digərlərindən idarəetmə bacarıqlarını daha çox aşıladığı üçün fərqlənir. Bu səbədən də CIMA kvalifikasiyasına sahib olan şəxslər gələcək karyeralarını tək maliyyə sahəsində deyil, marketinq, personal və şirkət idarəsində də uğurla qurur.
Bu proqramı digərlərindən fərqləndirən bir cəhət də, CIMA imtahanlarında tək nəzəri biliklərin deyil, ssenarili tapşırıqların (casestudy) verilməsidir. Belə ki, namizəddən əldə etdiyi bilikləri müəyyən situasiyada təsvir etməsi tələb olunur.