Çin hökuməti xarici sərmayələrin ölkəyə axınını tənzimləyən “Mənfi siyahı”larını bir qədər də ixtisar edib.
Bu barədə ölkənin Milli İnkişaf və İslahatlar Komissiyası açıqlama yayıb.
Qurum bəyan edib ki, yeni siyahı iyulun 23-dən qüvvəyə minəcək. Söhbət “Çin iqtisadiyyatına xarici sərmayələrin yatırılmasını tənzimləyən xüsusi nəzarət tədbirləri” və “Çinin sərbəst ticarət bölgələrinə xarici sərmayələrin yatırılmasını tənzimləyən xüsusi nəzarət tədbirləri” üzrə “Mənfi siyahı”lardan gedir. 1-ci siyahıda məhdudiyyət bəndlərinin sayı 40-dan 33-ə, 2-ci siyahıda isə məhdudiyyət bəndlərinin sayı 37-dən 30-a endirilib. Sərbəstləşdirmələr tətbiq edilmiş sahələr arasında xidmət, maliyyə, kənd təsərrüfatı, emal, tibb və təhsil var.
Çin hökumətinin bu qərarı koronavirus (COVID-19) pandemiyası dövründə ölkə iqtisadiyyatının liberallaşdırılması, xarici sərmayədarların üzünə daha da açılması yolunda mühüm addımdır.