Çin ABŞ-dan idxal olunan mallara əlavə 24%-lik rüsumların tətbiqini bir il müddətinə dayandıracaq, lakin mövcud 10%-lik tariflər qüvvədə qalacaq. Bu barədə Çin Dövlət Şurasının bəyanatına istinadən “Reuters” məlumat verib.
Çinin Tarif Komissiyası isə noyabrın 10-dan etibarən ABŞ-dan idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq edilən 15%-lik rüsumların ləğv olunacağını açıqlayıb. Maliyyə Nazirliyi bəzi rüsumların dayandırılmasını Çin–ABŞ ticarət-iqtisadi əlaqələrinin sabit inkişafı və qlobal rifah üçün zəmin kimi qiymətləndirib.
Oktyabrın 30-da Cənubi Koreyanın Pusan şəhərində Çin sədri Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında danışıqlar keçirilib. Görüşün nəticəsində tərəflər ticarət sazişi üzrə razılığa gəliblər. Vaşinqton Çin mallarına tətbiq olunan “fentanil rüsumu”nu 10% azaldaraq 47%-ə endirib. Həmçinin tərəflər bir il müddətinə qarşılıqlı 24%-lik rüsumların dayandırılması barədə razılığa gəliblər.







