6 C
Baku
Sunday, December 15, 2024

Çin ‘dostluq səfiri’ olan pandalarını ABŞ-dan geri alır

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning brifinqdə bildirib ki, Vaşinqton zooparkında olan üç nəhəng panda bu ilin dekabr ayında Çinə qayıdacaq. O, bu addımın panda diplomatiyası adlanan ABŞ və Çin arasında pisləşən münasibətlərin əksi olub-olmadığına da münasibət bildirib.

“Nəhəng pandalar təkcə Çinin milli sərvəti deyil, həm də bütün dünyada insanlar tərəfindən rəğbətlə qarşılanan və sevilən heyvandır.  Biz nəsli kəsilməkdə olan növlərin qorunmasında əməkdaşlığı gücləndirmək üçün ABŞ da daxil olmaqla tərəfdaşlarla işi davam etdirməyə sadiqik”, – Mao Ning söyləyib.

“Bloomberg”in məlumatına görə, Atlanta, San-Dieqo və Memfisdəki zooparklar ya artıq pandalarını geri qaytarıblar, ya da gələn ilin sonuna kimi bunu edəcəklər. Beləliklə, bütün pandalar ABŞ-dan gedəcəklər.

Aprel ayında Pekin 2003-cü ildə dostluq səfiri kimi ABŞ-a göndərilən Ya Ya pandasını Memfis zooparkından çıxarıb. Zoopark 2022-ci ilin dekabrında 20 illik birgə tədqiqata son qoyaraq Ya Yanı Çinə qaytaracağını açıqlayıb. Fevral ayında Çindən olan mütəxəssislər onun saç tökülməsinə səbəb olan dəri xəstəliyi olduğunu, lakin pandanın ümumi sağlamlığının normal olduğunu aşkar ediblər.

Qeyd edək ki, dünyadakı bütün pandalar Çinə məxsusdur, lakin Pekin 1984-cü ildən heyvanları xarici ölkələrə icarəyə verir. Çinin xarici ölkələrlə münasibətləri yaxşılaşdırmaq üçün istifadə etdiyi bu xalq diplomatiyası vasitəsi panda diplomatiyası adlanır.

Pandaların geri qayıtmasının qeyri-siyasi səbəbləri arasında pandaların Çinə qayıtmalı olduqları yaşa çatması da var. Bəzi heyvanların gedişi koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

ABŞ Prezidenti Co Bayden administrasiyasının mövqeyi ilə tanış olan “Bloomberg” mənbəsi Vaşinqtonun zooparkındakı heyvanların Çinə səfərindən əvvəl Pekinlə pandaların icarəyə götürülməsini müzakirə etməyi planlaşdırdığını bildirib.

Dövlət Departamentinin sözçüsü agentliyə gələcək danışıqların perspektivi barədə suala cavabında bildirib ki, panda sazişi hökumətlər arasında deyil, Milli Zoopark və Çin Vəhşi Təbiəti Mühafizə Assosiasiyası arasında bağlanıb.

Son xəbərlər
Digər xəbərlər