İyulda Avropa İttifaqında 14 min Çin elektrik avtomobili satılıb ki, bu da cari ilin iyun ayı ilə müqayisədə demək olar ki, 40%, 2023-cü ilin iyul ayına nisbətən isə 9.7% azdır. Xüsusilə, SAIC-in MG brendinin satışları iyulda 38% azalıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.
Xatırladaq ki, Avropa Komissiyası iyul ayından etibarən Çindən gətirilən elektrik avtomobillərə rüsumu artırıb: BYD – 17.4%, Geely – 20%, SAIC – 38.1%. Digər Çin istehsalçıları üçün də rüsumlar artırılıb. Tarif artımından əvvəl, iyun ayında Çin elektrik avtomobillərinin Avropa bazarındakı payı rekord həddə – 11%-ə çatıb. Bununla belə, keçən həftə Avropa Komissiyası Çin istehsalçılarının məhsullarına rüsumları bir qədər azaltmaq planlarını açıqlayıb.
Avqustun 14-də Çin Ümumdünya Ticarət Təşkilatında elektriklə işləyən avtomobillərin tarifləri ilə bağlı Avropa İttifaqına qarşı iddia qaldırıb. Çin tərəfinin fikrincə, görülən tədbirlər 1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişə, həmçinin ÜTT-nin subsidiyalar və kompensasiya tədbirləri haqqında müddəalarına uyğun gəlmir.