Çin iqtisadiyyatı “sərt” qlobal şəraitdə zəifləyir

Çinin Milli Statistika Bürosunun məlumatına görə, apreldə ölkədə sənaye istehsalı illik ifadədə 4,1% artıb. Bu göstərici Bloomberg analitiklərinin gözlədiyi 6%-lik artımdan xeyli aşağı olub və mart ayındakı 5,7%-lik nəticədən də zəif çıxıb.

Pərakəndə ticarətdə vəziyyət daha pis olub. Satışlar ötən illə müqayisədə cəmi 0,2% artıb və bazar faktiki olaraq durğunluğa yaxınlaşıb. Analitiklər 2%-lik artım proqnozlaşdırırdı, martda isə göstərici 1,7% olmuşdu. Yanvar–aprel aylarında əsas kapitala investisiyalar 1,6% azalıb. Halbuki bir ay əvvəl 1,7%-lik artım qeydə alınmışdı.

İran münaqişəsinin ilk təsirləri

Dərc olunan statistika İranla müharibənin Çin iqtisadiyyatına təzyiq göstərməyə başladığını göstərən ilk açıq siqnallardan biri olub. Pekin yüksək neft qiymətlərinin təsirini daxili bazarın tənzimlənməsi ilə yumşaltmağa çalışsa da, statistika bu tədbirlərin təsirinin məhdud olduğunu göstərir.

Milli Statistika Bürosunun nümayəndəsi Fu Linhui beynəlxalq vəziyyətin “mürəkkəb və sərt” olaraq qaldığını bildirib. Onun sözlərinə görə, geosiyasi münaqişələrin nəticələri enerji bazarlarındakı volatilliyi artırır və qlobal iqtisadiyyatın bərpasını çətinləşdirir.

Fu Linhui qeyd edib ki, Çin enerji təchizatına zəmanət tədbirlərini gücləndirir və daxili bazarda qiymətləri müvəqqəti nəzarətdə saxlayır.

Daxildə zəif iqtisadi dinamika davam edir

Çin uzun illərdir davam edən daşınmaz əmlak böhranının nəticələri ilə üzləşməkdə davam edir. Bu böhran ev təsərrüfatlarının inamını sarsıdıb və istehlak tələbatını zəiflədib.

Hakimiyyət orqanları bunu infrastruktur və sənayeyə iri həcmli yatırımlarla kompensasiya etməyə çalışır. Moody’s statistika açıqlanmamışdan əvvəl zəif daxili tələb və investorların ehtiyatlı davranışı barədə xəbərdarlıq etmişdi.

Nəticədə iqtisadiyyata dəstəkdə əsas rolu hazırda dövlət şirkətləri oynayır, sənaye istehsalı isə əsasən yüksək texnologiyalar sahəsi hesabına saxlanılır.

Bununla yanaşı, ABŞ ilə ticarət müharibəsinə baxmayaraq, Çinin ixracı artmaqda davam edir. Əlavə dəstəyi isə Vaşinqton və Pekin arasında əldə olunan atəşkəs verib. Donald Tramp və Si Cinpin bu barədə oktyabrda razılığa gəliblər və razılaşma ABŞ prezidentinin Çinə son səfəri zamanı təsdiqlənib.

Fu Linhui bildirib ki, Çin iqtisadiyyatı dayanıqlığını qoruyur, lakin güclü təkliflə zəif tələb arasındakı disbalans əsas problem olaraq qalır. Onun sözlərinə görə, bir çox şirkət əməliyyat çətinlikləri ilə üzləşməkdə davam edir və iqtisadiyyatın davamlı bərpası üçün baza hələ kifayət qədər möhkəm deyil.

İstehlakçılar iri xərclərdən qaçırlar

İstehlak tələbi ilə bağlı məlumatlar göstərir ki, Çin ev təsərrüfatları xərclərdə hələ də çox ehtiyatlı davranırlar. Conference Board təşkilatının iqtisadçısı Yuhan Çjan bildirib ki, istehlakçılar smartfon və elektronika kimi müəyyən kateqoriyalara üstünlük verir, lakin iri alışlardan yayınırlar.

Apreldə avtomobil satışları 10,6%, məişət texnikası satışları 4%, tikinti materiallarının satışı isə 7,1% azalıb. Sonuncu göstərici daşınmaz əmlak bazarının vəziyyətinin mühüm indikatoru hesab olunur.

Çjanın sözlərinə görə, bu, mövcud iqtisadi bərpanın ikili xarakterini əks etdirir: istehlakçılar həyat keyfiyyətini yaxşılaşdıran kiçik alışlara pul xərcləməyə hazırdırlar, lakin mənzil və uzunmüddətli maliyyə öhdəlikləri ilə bağlı iri xərclərdən yayınırlar.

O həmçinin qeyd edib ki, investisiya fəallığı əsasən dövlət sektoru və sənaye ətrafında cəmlənib, geniş iqtisadiyyata isə demək olar ki, yayılmır.

Energetika sektorunda da təzyiq artır

Enerji sektorunda da vəziyyət birmənalı görünmür. Apreldə gündəlik orta neft hasilatı ötən illə müqayisədə 1,2% artaraq sutkada təxminən 598 min tona çatıb. Lakin mart ayı ilə müqayisədə göstərici 5,9% azalıb.

Neft emalı isə daha ciddi azalıb. Apreldə emal həcmi 54,65 milyon ton təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 11,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,8% azdır.

Bu məlumatlar daxili tələbin zəifləməsi və xarici risklərin artmasının Çin iqtisadiyyatına getdikcə daha çox təsir göstərməsi ilə bağlı narahatlıqları gücləndirir.

Son xəbərlər
Digər xəbərlər